Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”dür.

26 iyun 2020 | 16:00

“Narkomaniya və onun fəsadları” Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməmişdir.
Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terror mərkəzlərinin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amilə çevrilmişdir. Bu gün narkotiklərin qanunsuz dövriyyəsi dünya miqyasında geniş vüsət alaraq, insanlıq üçün ciddi təhdidə çevrilmişdir. Narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Buna baxmayaraq, gənc nəslin bəzi nümayəndələrinin narkotiklərin gətirdiyi fəlakətlər haqqında yetərli təsəvvürü və məlumatı yoxdur. Narkomanlığın yayılması cəmiyyətdə digər mənfi halların genişlənməsi üçün zəmin yaradır. Narkotik asılılığında olan şəxslər sosium üçün təhlükə mənbəyi kimi çıxış edirlər. Təəssüf ki, narkomaniya respublikamızda da ciddi problem olaraq qalmaqdadır. Bəzi gənclər narkotik asılılığı girdabına yuvarlanır, bu da narkomaniya ilə bağlı cinayətlərin törədilməsinə səbəb olur. Narkotiklərlə bağlı cinayətlərin artım dinamikası problemin cəmiyyət üçün doğurduğu təhlükəni daha da artırır. Narkomanların say artımı milli genofond üçün ciddi təhdid əmələ gətirir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bu problemə münasibətdə yeni mərhələ başlanmışdır. Bu mərhələnin ən müsbət cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunla qoyulmuşdur. Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Narkomaniyaya qarşı ardıcıl mübarizə bir çox istiqamətlər üzrə əməli addımlar atılması zərurətini şərtləndirir. Bu gün narkomaniya probleminin həlli sahəsində geniş tədbirlər kompleksinin həyata keçirilməsi tələb olunur. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir. Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” elan etmişdir. Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının 5.1.1 bəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının, rayon polis şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar komissiya sədrinin, üzvlərinir iştirakı ilə bir sıra gənclərimizlə ölkədə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərini nəzərə alaraq virtual tədbilər keçirilmiş, gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə söhbətləri aparılmışdır. Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Dövlət rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası narkomaniyaya qarşı mübarizə çərçivəsində ardıcıl tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü fəaliyyətini davam etdirir. Narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində, xüsusilə sosial şəbəkələrdə təbliğat aparılması səmərəli və önəmli vasitəyə çevrilmişdir. Bu sahədə Göygöl Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən görülən işlər mütəmadi olaraq sosial şəbəkələrdə təbliğ edilir. Narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyət daha da genişləndirilməli, yeni və kreativ aksiyalar həyata keçirilməlidir.
Göygöl Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası işinə öz töhfəsini vermək üçün bütün imkanları səfərbərliyə alaraq, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirir.

Keçidlər