Göygöl rayonunda Müstəqillik günü münasibəti ilə elmi-praktiki konfrans keçirilmişdir
18 oktyabr 2013-cü il tarixdə Göygöl rayonu İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda Göygöl rayon hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak etdilər. Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyuldu.
Konfransı giriş sözü ilə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov açaraq 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi və qeyd ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımız üçün ən böyük sərvətdir. Ümummilli liderimiz Heydər Əliyevin kəlamları ilə desək: “ Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Məhz ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və zəngin təcrübəsi sayəsində qazandığımız müstəqilliyimiz qorunub saxlanıldı və Azərbaycan dövləti qüdrətlənərək inkişaf etmiş dünya dövlətlərinin sırasına daxil oldu.
Ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Müstəqil Azərbaycan Respublikası günü-gündən sürətlə inkişaf edərək, regionun lider dövlətinə çevrilmişdir.
Konfransda çıxış edən digər natiqlər də 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibəti ilə konfrans iştirakçılarını təbrik etdilər və Müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar barədə geniş məlumat verdilər.