Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən “Gender Əsaslı Zorakılıqla Mübarizə” mövzusunda videokonfrans keçirilib
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayon İcra Hakimiyyətinin, Göygöl rayon Gənclər və İdman idarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşlarının, aktiv gənclərin iştirakı ilə “Gender Əsaslı Zorakılıqla Mübarizə” mövzusunda hüquqi-maarifləndirici videokonfrans keçirildi.
Tədbir iştirakçılarına Müvəkkil xanım Səbinə Əliyevanın salamlarını çatdıran Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, bütün dünyada bir sıra sahələrdə əsaslı çətinliklər yaradan koronavirus pandemiyası ailədaxili münaqişələrin, gender əsaslı məişət zorakılığı hallarının da artmasına səbəb olmuşdur. Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədi ilə Azərbaycan Ombudsman təsisatının geniş maarifləndirmə fəaliyyəti həyata keçirdiyini, hər il bu mövzuda müxtəlif kateqoriyadan olan əhalinin iştirakı ilə mərkəzi və yerli dövlət qurumları ilə birgə tədbirlərin təşkil edildiyini, bu istiqamətdə 25 noyabr-10 dekabr tarixləri arasında hər il 16 gün ərzində davam edən gender əsaslı zorakılıqla mübarizə kompaniyası zamanı ənənəvi olaraq müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin həyata keçirildiyini, Ombudsman təsisatı tərəfindən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin Gənclər və İdman idarələri ilə birgə müntəzəm icrası nəticəsində gənclərin hüquqi biliklərinin, gender bərabərliyi barədə məlumatlılığının daha da artdığını diqqətə çatdırdı. Tədbirdə həmçinin Azərbayca Respublikasının Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”-da nəzərdə tutulmuş tədbirlərin əhalinin cins tərkibində balansın saxlanılması, gender bərabərliyinin təmin edilməsində mühüm rol oynadığı, bu istiqamətdə Ombudsman təsisatının da geniş maarifləndirmə işlərini həyata keçirdiyi vurğulandı. Videokonfransda həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” AR-nın qanunu müddəaları barədə iştirakçılara ətraflı məlumat verildi.
Videokonfransda çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin əməkdaşı Vüqar Hüseynov, Göygöl rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov gender əsaslı zorakılıqla mübarizədə Azərbaycan dövləti tərəfindən həyata keçirilən institutsional tədbirlər, uğurlu dövlət gənclər siyasəti barədə məlumat verərək, gender əsaslı zorakılıqla mübarizədə milli, məvəvi və dini dəyərlərin də təbliğinin əhəmiyyətini diqqətə çatdırdılar.
Müzakirə şəraitində davam edən videokonfrans iştirakçıları tərəfindən bir sıra təkliflər o, cümlədən məişət zorakılığı qurbanları üçün sığınacaqların sayının artırılması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması üçün selektiv abortların qadağan edilməsi, lüzumsuz qeysəriyyə əməliyyatlarının, erkən nikahların qarşısının alınmasına nəzarətin gücləndirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin genişləndirilməsi və.s. kimi təkliflər irəli sürüldü.
Sonda tədbir iştirakçıları aktual mövzuda təşkil edilmiş videokonfransa görə Ombudsman xanım Səbinə Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.