Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın daxili ictimai-siyasi vəziyyəti acınacaqlıdır.

19 iyun 2020 | 16:00

Dərin iqtisadi böhran içində olan Ermənistanda ictimai-siyasi vəziyyət acınacaqlıdır. Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşıb. O, koronavirusla bağlı məlumatları “Facebook” səhifəsində yazmaqla Səhiyyə Nazirliyi və ya bu sahəyə məsul quruma inamının olmadığını sübuta yetirir. Ermənistan ictimaiyyətindən pandemiya qurbanları və yoluxanların sayının gizlədildiyi bildirilir. Saylarla bağlı şəffaflığın qorunmaması ölkədə yoluxanların sayının artmasına da təsir göstərib. Bu istiqamətdə saxtakarlıq əhalinin pandemiyanın yayılmasına, hətta olmasına inamı azaldıb. Vəziyyətin ağırlığını Paşinyan da etiraf edərək deyib ki, Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları getdikcə çoxalır və vəziyyət daha da pisləşə bilər: “Vəziyyət kəskin pisləşər”.  Nikal Paşinyan xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Parlament müxalifəti, xüsusilə də Çiçəklənən Ermənistan Partiyası açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb edir. N.Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. 14 iyunda Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirib. Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirib. Baş Prokurorun parlamentə müraciəti  əsasında Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çarukyanın tərəfdarları 17 iyunda Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib.
Hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
N.Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır.
Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”.
Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Bir sözlə Ermənistanda baş verən siyasi proseslər sözün əsl mənasında biabırçılıqdır. Lakin, bundan daha böyük biabırçılıq baş verənlərə beynəlxalq qurumların laqeyd qalmasıdır.

 

Keçidlər