Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyi qorunub saxlanıldı

15 iyun 2020 | 16:00

1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ağır günlərindən birini  yaşayırdı.  Ölkəmiz həm daxildən, həm də xaricdən parçalanma təhlükəsi qarşısında idi. Özü ilə dəhşətlər və fəlakətlər gətirən müharibə Azərbaycan xalqını öz evindən-eşiyindən didərgin salmışdı.
Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, Dövlət rəhbərliyindəki çəkişmələr xalqın səbir kasasını daşdırırdı. Azərbaycan hökuməti xalq arasındakı dayaqlarını itirmişdir. İyunun 4-də Surət Hüseynovun rəhbərliyi altında Gəncə şəhərindəki ordu hissələri qiyam qaldırmışdır. O dövrkü hakimiyyətin səriştəsizliyi və iradəsizliyi ucbatından bu qiyam getdikcə daha geniş miqyasda yayılaraq vətəndaş müharibəsi xarakteri almışdır.
Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü birüzə verməyə başlamışdı.
Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər.
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.
        Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız zəbt olunmuş, müharibə aparan ölkənin paytaxtında isə torpaqların itirilməsi təlaşı deyil, hakimiyyətə yiyələnmək hərisliyi yaşanır, hər siyasi təşkilat özünə silahlı dəstə yaradır, tam özbaşınalıq hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətinə salınmış, meydan liderlərinin yürütdüyü yanlış xarici siyasət Azərbaycanı dostsuz, müttəfiqsiz və arxasız qoymuşdu.       
Özünün zəifliyini hiss edən Respublika rəhbərliyi xalqın təkidi və tələbi ilə o vaxt Naxçıvan Muxtar Respublikasının Ali məclisinə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Belə ağır bir vəziyyətdə xalqın çağırışı ilə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Bakıya qayıdaraq Azərbaycana rəhbərliyi, əslində isə xilaskarlıq missiyasını öz üzərinə götürdü.
Ümummilli liderimizin  həyata  keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq gələcəyə inamla baxan güclü bir dövlətə çevrildi. Sabitlik təmin edildi, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı, ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı, İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi, İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi, vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı və ordu quruculuğunda mühüm addımlar atıldı.
“Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar. Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı. Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi.
Ümummilli lider Heydər Əliyev ölkənin xarici siyasət sayəsində də mühüm addımlara nail oldu. İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu, dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Keçidlər