Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

14 iyun 2020 | 16:00

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.
      1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ağır günlərindən birini  yaşayırdı.  Ölkəmiz həm daxildən, həm də xaricdən parçalanma təhlükəsi qarşısında idi. Özü ilə dəhşətlər və fəlakətlər gətirən müharibə Azərbaycan xalqını öz evindən-eşiyindən didərgin salmışdı.
        Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız zəbt olunmuş, müharibə aparan ölkənin paytaxtında isə torpaqların itirilməsi təlaşı deyil, hakimiyyətə yiyələnmək hərisliyi yaşanır, hər siyasi təşkilat özünə silahlı dəstə yaradır, tam özbaşınalıq hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətinə salınmış, meydan liderlərinin yürütdüyü yanlış xarici siyasət Azərbaycanı dostsuz, müttəfiqsiz və arxasız qoymuşdu.       
     Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, Dövlət rəhbərliyindəki çəkişmələr xalqın səbir kasasını daşdırırdı. Azərbaycan hökuməti xalq arasındakı dayaqlarını itirmişdir. İyunun 4-də Surət Hüseynovun rəhbərliyi altında Gəncə şəhərindəki ordu hissələri qiyam qaldırmışdır. O dövrkü hakimiyyətin səriştəsizliyi və iradəsizliyi ucbatından bu qiyam getdikcə daha geniş miqyasda yayılaraq vətəndaş müharibəsi xarakteri almışdır.
        Daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdır.
       Özünün zəifliyini hiss edən Respublika rəhbərliyi xalqın təkidi və tələbi ilə o vaxt Naxçıvan Muxtar Respublikasının Ali məclisinə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.  
      Belə ağır bir vəziyyətdə xalqın çağırışı ilə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Bakıya qayıdaraq Azərbaycana rəhbərliyi, əslində isə xilaskarlıq missiyasını öz üzərinə götürdü.
       Ümummilli liderimizin  həyata  keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq gələcəyə inamla baxan güclü bir dövlətə çevrildi. Heydər Əliyevin misilsiz siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, möhkəm qətiyyəti, polad iradəsi və uzaqgörənliyi sayəsində xalqımızın ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək problemlər tezliklə həll edilməyə başlandı.
      Dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdikdən sonra Ümummilli lider Heydər Əliyevin quruculuq missiyası – ictimai həyatın bütün sahələrini əhatə edən hərtərəfli islahatlar dövrü başladı. Onun uğurlu xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzu, təminatlı dövlət hakimiyyətinin mövcudluğu dünyanın ən nüfuzlu şirkətləri tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda investisiya qoyulmasını şərtləndirdi.
     Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü dəyişikliklər baş verdi, hərtərəfli iqtisadi islahatlar, o cümlədən aqrar islahatı və özəlləşdirilmə aparıldı, sənayedə və kənd təsərrüfatında tənəzzül aradan qaldırıldı. İqtisadi dirçəlişə zəmin yaradan neft müqavilələri imzalandı. Azərbaycan neftini və qazını dünya bazarına çıxaracaq Bakı-Tblisi-Ceyhan nefti, Bakı-Tblisi-Ərzurum qaz kəmərlərinin çəkilməsinə dəstək qazanmaq üçün Ulu öndər Heydər Əliyev özünün polad iradəsi ilə bütün  təzyiqlərə sinə gərərək bu layihələrin reallaşdırılmasına nail oldu.
      Azərbaycan dövlətinin getdikcə möhkəmlənməsindən narahat olan bədxah qüvvələr, hakimiyyət hərisləri öz çirkin niyyətlərini həyata keçirmək üçün silahlı birləşmələrin köməyi ilə dövlət çevrilişi cəhdləri, ölkə başçısına süi-qəsdlər təşkil etməklə Azərbaycan xalqını və milli dövlətçiliyimizi növbəti sınaqlar qarşısında qoydular. Lakin, dövlətçiliyimiz Azərbaycan xalqının dəstəyinə əsaslanan, Ümummilli lider Heydər Əliyevin yenilməz iradəsi və qətiyyəti nəticəsində bu sınaqdan da üzüağ çıxdı. Ölkə başçısının uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi, iti zəkası, iradəsi və qətiyyəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olundu, xalqımız Azərbaycançılıq ideyası ətrafında sıx birləşdi. Bu illər ərzində müstəqil dövlətimizin inkişafı yolunda maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması, sülh yaradılması istiqamətində ardıcıl səylər göstərilməklə yanaşı, genişmiqyaslı ordu quruculuğu işləri də aparılmış, lazım olarsa, dövlətimizin ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan milli ordu yaradılmışdır.  
        Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
        Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki,  Heydər Əliyev tək bugünkü Azərbaycanın yox, sabah ki   Azərbaycanın  da  memarıdır. Bu gün Heydər Əliyev siyasi məktəbinin İlham Əliyev kimi layiqli yetirməsi var.
      Respublikamızın Prezidenti cənab İlham Əliyevə siyasətçi, iqtisadçı, diplomat və təşkilatçı olaraq böyük rəğbət bəsləyən Azərbaycan xalqı Azərbaycan dövlətinin bu gün olduğu kimi, sabah da möhkəm əllərdə olacağına əmindir.

Keçidlər