Göygöl rayonunda 2013-cü ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə dair geniş müşavirə keçirilmişdir.
Göygöl rayon İcra Hakimiyyətinin akt zalında Göygöl rayonunun 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilmişdir. Müşavirədə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli inzibati ərazi nümayəndələri, bələdiyyələr, sahibkarlar və qeyri hökumət təşkilatlarının rəhbərlərinin iştirakı təmin olunmuşdur.
Müşavirəni açıq elan edən rayon icra hakimiyyətinin başçısı cənab Arif Seyidov hesabat məruzəsində 2013-cü ilin I yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən söz açmışdır. Diqqətə çatdırılmışdır ki, 2013-cü ilin 6 ayı ərzində Göygöl rayonunda sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması, uzun illər yığılıb qalmış mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Rayonda 2013-cü ilin 6 ayı ərzində 642 yeni iş yerləri açılmışdır ki, bunun da 239-u daimidir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 3963,6 min manat artaraq 63281,9 min manata çatmışdır.
Məhsul və xidmətlərin 38682,5 min manatı (61,1 %) istehsal sahələrini, 24599,4 min manatı ( 38,9 % ) xidmət sahələrini təşkil etmişdir.
Rayon üzrə adambaşına 1050,5 manat dəyərində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % çox məhsul istehsal edilmişdir.
Aqrar sahənin inkişafına yönəldilmiş Dövlət Proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən yaradılmış əlverişli şəraitin nəticəsi olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqları ilə, toxum, gübrə və pestisidlərlə təminatı yaxşılaşdırılmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dəyərinin 50 %-ni ödəməklə 124980 manat dəyərində 546,3 ton mineral gübrə satılmış, 1191 nəfər istehsalçıya yanacaq və motor yağlarının dəyərinin 50 %-ni ödəmək məqsədilə 437292 manat məbləğində yardım verilməsi nəzərdə tutulmuşdur, yaxın müddətdə ödəniləcəkdir.
2013-cü ilin 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 399,7 min manat çox olmaqla 16316,8 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 %-i qeyri-dövlət sektorunun payına düşür.
2013-cü ilin məhsulu üçün 9455,8 hektar sahədə payızlıq, 934,5 hektar sahədə yazlıq səpin aparılmış, taxıl biçini kompaniyasına başlanılaraq 3034 hektar taxıl sahəsi biçilmiş, 7171,8 ton taxıl tədarük olunmuşdur. Taxıl biçini davam etdirilir.
Heyvandarlıq inkişaf etmiş, iribuynuzlu mal-qaranın sayı 18834 başa, xırdabuynuzlu mal-qaranın sayı 155436 başa çatmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 288,4 ton, ət istehsalı 199,4 ton, yun istehsalı 3,8 ton, yumurta istehsalı 18200 ədəd artmışdır.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Kürəkçay və Qoşqarçayda qapalı boru şəbəkələri bərpa edilmiş, 113 ədəd subartezian quyusu, Topalhəsənli nasos stansiyası təmir edilmiş, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 111 min kub metr həcmində təmizləmə işləri görülmüşdür.
Rayonda hazırda fəaliyyət göstərən 21 sənaye müəssisələri tərəfindən bütövlükdə 5029,9 min manat dəyərində sənaye məhsulu istehsal edilmiş, Sənaye məhsulunun həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 29,2 % olmuşdur.
Ticarətin bütün növləri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 3778,9 min manat artaraq 57711,2 min manata çatmış, əmtəə dövriyyəsində ərzaq mallarının xüsusi çəkisi 57,6 %, qeyri ərzaq mallarının xüsusi çəkisi isə 42,4 % təşkil etmişdir.
Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 454-ə çatmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 64 sahibkara 940 min manat dəyərində güzəştli kredit verilmişdir.
Poçt və rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, eləcə də əhaliyə faktiki qiymətlərlə 260,0 min manatlıq xidmət göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 23,0 min manat ( 5,7 % ) çoxdur.
Rayon ərazisində 2013-cü ilin altı ayında müxtəlif nazirliklər, komitələr, agentliklər və əhali tərəfindən 17475,2 min manat əsas kapitala investisiya qoyulmuş, bunun da 17345,8 min manatı tikinti quraşdırma işlərinə yönəldilmişdir.
Cari ilin 6 ayı ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 1 milyon 823,1 min manat proqnoza qarşı 1 milyon 866,6 min manat və ya 102,4 % yerinə yetirilmişdir. Büdcənin xərcləri 7 milyon 602,2 min manat proqnoza qarşı 6 milyon 532,7 min manat və ya 85,9 faiz icra edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1068,0 min manat və ya 19,5 % çoxdur.
Əhalinin az təminatlı təbəqəsinin, sosial müdafiəyə ehtiyacı olan insanların maddi rifah halının yaxşılaşdırılmasına diqqət daha da artırılmış, “Ünvanlı Dövlət Sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2013-cü ilin 6 ayı ərzində 780 ailə olmaqla 3624 nəfərə 392,3 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir.
Qarabağ Müharibəsi və Çernobl əlillərinin 151 uşağına 9100 manat müavinət, əmək və sosial pensiyaçılara 7 milyon 224,1 min manat pensiya və müavinət ödənilmiş, 75 nəfər tənha və əlillərə evində sosial məişət xidməti göstərilmişdir. Rayon üzrə orta aylıq pensiyanın məbləği 142,9 manat təşkil etmişdir.
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2013-cü ilin 6 ayı ərzində 171 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 102 nəfəri münasib iş yerləri ilə təmin olunmuş, 4 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Göygöl rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar müvafiq tədbirlər görülmüş, işlər davam etdirilir.
2013-cü ilin 6 ayı ərzində Göygöl şəhərinin Aşıq Şəmşir küçəsinə 15 min 623 kvm asfalt örtük salınmış, 973 p/m səki daşı və 1285 p/m su arxı düzülmüşdür. H.Cavid, Nəsimi və M.Araz küçələrinin bir hissəsində isə asfalt örtük salınması üçün hazırlıq işlərinə başlanılmışdır.
Hazırda Göygöl şəhər Mədəniyyət və istirahət parkının genişləndirilməsi üçün ayrılmış əlavə 3 hektar torpaq sahəsində yenidənqurma işləri aparılır, Heydər Əliyev Mərkəzi, Gənclər mərkəzi, Uşaq əyləncə mərkəzi üçün binalar, Olimpiya İdman kompleksi, Göygöl Sukanal idarəsi üçün inzibati bina, Göygöl şərab zavodunun istehsal sahəsini genişləndirmək üçün spirt zavodu və Dövlət Bayrağı meydanı kompleksi tikilir.
Dövlət Bayrağı meydanı kompleksinin əhatə etdiyi 5,5 hektar ərazidə yaşıllıq salınmış, bayraq muzeyinin tikintisi başa çatdırılmış, muzeyin fasad hissəsinə, pilləkənlərə, gəzinti üçün təşkil olunmuş meydançalara və ətrafına hörülmüş divarlara üzlük piltələr döşənmişdir. Bayraq kompleksinin ətrafında yerləşən 8 küçəyə səki daşları düzülərək asfalt örtük salınmış və gecə işıqlanma sistemi quraşdırılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri üçün inzibati binalar tikilmiş, Yeni Zod kənd uşaq bağçası, 2 saylı Yeni Zod kənd mədəniyyət evi əsaslı təmir olunmuşdur.
Göygöl şəhərinin 9,8 km uzunluğunda 7 mərkəzi küçəsinin abadlaşdırılması davam etdirilir. Binaların dam örtükləri dəyişdirilərək əsaslı təmir olunmuş, küçə istiqamətindəki fasadlarının bir hissəsinə üzlük piltələr çəkilir və qalan hissəsi rənglənir, səkilər yenidən qurularaq qranitdən səki daşları düzülür və piltələr döşənir, yola asfalt örtük salınır, gecə işıqlandırma sistemi üçün 630 ədəd dayaq quraıdılımışdır.
Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı Göygöl şəhərinə Kürək çayından yeni magistral su kəmərinin çəkilişi başa çatdırılmış, Göygöl şəhərində 134080 p/m kanalizasiya xətti, 151048 p/m su xətti çəkilmiş, su təmizləyici qurğularının və anbarlarının tikintisi, su sayğaclarının quraşdırılması davam etdirilir.
Hazırda Göygöl şəhərinin mərkəzi küçələrində, park və xiyabanlarda, rayon ərazisindən keçən avtomagistralların kənarında abadlıq işləri aparılaraq müxtəlif cins ağaclar, bəzək kolları əkilir.
2013-cü ilin 6 ayı ərzində elektrik təsərrüfatında 74,2 min manat dəyərində təmir-bərpa quraşdırma işləri aparılmış, 69 ədəd müxtəlif güc transformatorları, 15,2 km elektrik veriliş xətti təmir edilmiş, qəza vəziyyətində olan 65 ədəd elektrik dayaqları yenisi ilə əvəz olunmuşdur. Əhali üzrə istehlak olunan elektrik enerjisinin həcmi 10 milyon 176,5 min kvt saat təşkil etmiş, ödəniş 93,0 % yerinə yetirilmişdir.
Yaşayış məntəqələrinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 2013-cü ilin 6 ayı ərzində Göygöl şəhərinin yeni salınmış yaşayış massivində 9608 p/m uzunluğunda qaz xətti çəkilərək 286 təsərrüfata müasir tipli qaz sayğacları quraşdırılmışdır. Əhali üzrə istehlak olunan qazın həcmi 11 milyon 517,8 min kub metr təşkil etmiş, ödəniş 108,7 % yerinə yetirilmişdir.
Əhaliyə genişzolaqlı internet xidməti göstərmək məqsədilə Şəhriyar və Zurnabad kənd Elektron ATS-nə DSLAM avadanlıqları quraşdırılıb istifadəyə verilmiş, beləliklə rayon ərazisində 27 yaşayış məntəqəsində abunəçilərə genişzolaqlı sürətli internet xidməti göstərilir, digər yaşayış məntəqələrinə də genişzolaqlı internet xidmətinin göstərilməsi üçün işlər davam etdirilir.
Göstərilənlərə baxmayaraq əhalinin telefona olan tələbatını ödəmək üçün Aşıqlı, Şəhriyar, Zurnabad, Pənahlılar və Qırıqlı kənd ATS-ri elektron ATS-ə rekonstruksiya edilərək tutumları artırılsa da xətt şəbəkələri genişləndirilməmiş, bu səbəbdən də artırılmış nömrə tutumları istifadəsiz qalmaqdadır.
Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsini yaxşılaşdırmaq məqsədilə Poçt Filialının inzibati binası əsaslı təmir olunmuş, Topalhəsənli, Balçılı və Xaqani poçt şöbələri üçün yeni binaların tikintisi nəzərdə tutulmuşdur.
Ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq 2013-cü ilin 6 ayı ərzində 115,9 min manat dəyərində inventar və avadanlıqlar alınaraq ümumtəhsil məktəblərinə paylanılmışdır. 2012-2013-cü tədris ilində rayonun bütün ümumtəhsil məktəblərinin 9 və 11-cu siniflərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilmiş, 9-cu siniflər üzrə imtahana buraxılan 913 nəfər şagirddən 913 nəfəri də əsas təhsil haqqında şəhadətnamə, 11-ci siniflər üzrə imtahana buraxılan 723 nəfər şagirddən 723 nəfəri də orta təhsil haqqında attestat almışdır.
Hazırda 180 şagird yerlik Şəhriyar kənd tam orta, 80 şagird yerlik Bəhrəmbağ və Üçbulaq kənd ümumi orta məktəblərinə yeni bina tikilməsi üçün layihə-smeta sənədləri hazırlanır.
Rayonda 42 kitabxana, 15 mədəniyyət evi, 15 klub, 1 muzey, 2 musiqi məktəbi, 31 yerli əhəmiyyətli tarixi abidə vardır. 2013-cü ilin 1-ci yarısında 509 nüsxə kitab alınaraq kitab fondu 316294, elektron kataloq kitab fondu isə 2257 nüsxəyə çatdırılmışdır. Yerli əhəmiyyətli tarixi abidələrin, mədəniyyət evlərinin, klub və kitabxanaların əksəriyyətinin əsaslı və cari təmirə ehtiyacı vardır.
Əhalinin sağlamlığının qorunub saxlanılması, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırması istiqamətində müəyyən işlər görülmüş, səyyarı həkim briqadaları yaradılaraq uşaqların müayinəsi təşkil olunmuş, 262,1 min manat dəyərində dərmanlar alınaraq imtiyazlı xəstələrə pulsuz paylanılmış, yoluxucu xəstəliklərə qarşı 3079 nəfər peyvənd edilmişdir.
Yeniyetmə və Gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılaması, istedadlı gənclərin üzə çıxarılması və onların hərtərəfli inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. “Cəsurlar” hərbi idman və turizm oyunun zona mərhələsində rayonun Üçtəpə kənd tam orta məktəbin komandası II yerə layiq görülərək finala vəsiqə qazınmış, sərbəst güləş idman növü üzrə gənclər arasında keçirilən Azərbaycan birinciliyində bir nəfər rayon idmançısı II yerə layiq görülmüşdür. Həmçinin “Xəmsə” Milli intellektual oyununun zona birinciliyində rayonumuzun komandası finala vəsiqə qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq rayonda gənclərin həqiqi hərbi xidmətə çağırılması mütəşəkkil təşkil olunmuş, çağırış tapşırıqları vaxtında yerinə yetirilmiş, çağırışdan yayınma halları olmamışdır.
Rayonda cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilərək, ictimai-siyasi sabitlik təmin edilmişdir. 2013-cü ilin 6 ayı ərzində rayon ərazisində 49 cinayət hadisəsi qeydə alınmış, onlardan 37-nin açılması təmin olunmuş, açılma 94,9 % təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət hadisələrinin sayı 42 fakt azalmışdır.
Hesabat dövründə 10 yol-nəqliyyat hadisəsi baş vermiş, 4 nəfər ölmüş 10 nəfər xəsarət almışdır. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 6 fakt azalmışdır.
Rayonda siyasi partiyaların 12 yerli təşkilatı fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının 4468 üzvü vardır. Digər 11 partiyanın yerli təşkilatları simvolik fəaliyyət göstərməklə heç bir bazaları yoxdur.
İdeoloji işin təşkil olunmasında Yeni Azərbaycan Partiyasının ilk təşkilatlarının gücündən səmərəli istifadə edilir.
Rayonda dini durum sabitdir, dini sektalar və müxtəlif dini cərəyanlar yoxdur, vəhhabi təriqəti fəaliyyət göstərmir, yalnız qeydiyyatdan keçmiş 2 dini icma vardır. Mövcud olan 5 məsciddən 2-si fəaliyyətsizdir. Məscidlərdə vəhhabiliyin təbliği, qadağan olunmuş dini kitabların, audio-video disklərin, buketlərin paylanılması halları müşahidə olunmur, bu sahə daim diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyətinə 2013-cü ilin 6 ayı ərzində 908 müraciət daxil olmuşdur. Müraciətlərdən 331 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 35 Milli Məclisindən, 23 Nazirlər Kabinetindən, 41 Respublikanın digər qurumlarından daxil olmuş, 478 müraciət bilavasitə Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmışdır.
Daxil olmuş müraciətlərdən 281-i (30,9 %) iqtisadi məsələləri, 79-u (8,7 %) sosial və humanitar məsələləri, 535-i (58,9 %) mənzil, tikinti, torpaq məsələlərini, 13-ü (1,5 %) hüquq məsələlərini əhatə etmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların təsdiq edilmiş cədvəl əsasında elan edilmiş günlərdə və saatlarda qəbul edilməsi müntəzəm təşkil olunaraq 519, o cümlədən icra hakimiyyətinin başçısı tərəfindən 380 vətəndaş qəbul edilmişdir.
Əhalini narahat edən problemləri vətəndaşlarla birbaşa ünsiyyətdə olaraq öyrənib lazımi tədbirlər görülməsini təmin etmək məqsədilə 2013-cü ilin 6 ayı ərzində 24 səyyar qəbul keçirmişdir. Keçirilmiş görüşlərdə 1387 nəfər iştirak etmiş, 120 nəfər çıxış edərək 75 müxtəlif xarakterli təklif, müraciət və şikayət söylənilmiş, yerli əhəmiyyətli sosial problemlər qaldırılmışdır. Qaldırılan məsələlərdən 63-i icra edilmiş, 12-nun icrası rayonda həyata keçirilən tədbirlər sırasında davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.