Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən Müharibəsi şəhidi Seymur Abbasovun doğum günündə xatirəsinə inşa edilmiş ehsan bulağının açılış mərasimi keçirilib

20 may 2022 | 17:25

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon şəhidi Abbasov Seymur Muşfiq oğlunun doğum günü ilə bağlı Göygöl Şəhidlər Xiyabanında tədbir keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər şəhid Seymur Abbasovun keçdiyi döyüş yolundan, vətən uğrunda göstərdiyi şücaətdən danışıblar. Seymur Abbasov 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə qəbul olmuş, 4-cü kursda oxuyarkən vaxtından əvvəl leytenant rütbəsi almış və 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başlayan zaman hərbi döyüşlərdə bölük komandiri vəzifəsində iştirak etmişdir. Seymur Abbasov 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Seymur Abbasov 16 noyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin atası Muşfiq Abbasov göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.

Göygöl şəhər 3 və 5 saylı tam orta məktəblərin şagirdləri şəhidə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər. Sonra isə Gəncə şəhər hərbi qarnizonunun Zabitlər Evinin şəhidin həyat yoluna həsr etdiyi video çarx təqdim olunub.

Sonda isə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev və Şəhid atası  Muşfiq Abbasov tərəfindən şəhid Seymur Abbasovun xatirəsinə inşa olunan ehsan bulağının açılışını həyata keçiriblər.

Keçidlər