44 günlük Vətən Müharibəsi şəhidi Musayev Ramiz Kamil oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.
Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid Musayev Ramiz Kamil oğludur. Bu gün igid vətən oğlunun doğum günüdür. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəmanımız yaşasaydı bu gün 33 yaşı tamam olacaqdı.
44 günlük Vətən Müharibəsi şəhidi Musayev Ramiz Kamil oğlunun doğum günü ilə bağlı Göygöl rayonunun Hacıməlik qəsəbə qəbristanlığındakı məzarı başında anım mərasimi keçirilib. Mərasimdə iştirak edən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı göstərərək bu təbəqədən olan insanları daim diqqətdə saxlayır. Ölkə Prezidentinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını əldə rəhbər tutan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində də onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edir, şəhidlərimizə olan hörmət və ehtiramını bildirir.
Öz ənənəsinə sadiq qalan rayon rəhbərliyi Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəhid Musayev Ramiz Kamil oğlunun doğum gününü də unutmadı.
Bu gün şəhidimizin ailə üzvləri ilə birlikdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və kollektivləri, Vətən müharibəsi qaziləri, şəhid ailələri, şəhidin qohumları, dostları və ictimaiyyət nümayəndələri şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, əziz xatirəsini dərin hörmətlə yad edib, ruhuna dua oxuyub və Allahdan rəhmət diləyiblər.
44 günlük Vətən Müharibəsindən söz açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu və bunu döyüş meydanında da sübut etdiyini bildirib. Azərbaycan Ordusunun, hərbçilərimizin Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək onun “İrəli” əmrini layiqincə yerinə yetirdiklərini qeyd edib, şəhid Ramiz Musayev kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdıqlarını vurğulayıb. Qazandığımız böyük Zəfərə görə canından keçərək Şəhidlik zirvəsinə ucalan oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu diqqətə çatdırıb. Ramiz Musayevin tək doğma el-obasının deyil, bütövlükdə Azərbaycan xalqının oğlu olduğunu dilə gətirib. İllər ötsə belə bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını, onların xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutulacağını bildirib
Şəhidin atası Kamil Musayev göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Şəhidimizin doğum günündə Göygöl rayon Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, Şəhid Musayev Ramiz Kamil oğlu 2 avqust 1989-cu ildə Göygöl rayonunun Hacıməlik qəsəbəsində anadan olmuşdur.1996-cı ildə Göygöl rayon Hacıməlik qəsəbə 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2015-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ramiz Musayev 25 noyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində xidmətini apararkən şəhid olmuşdur. 27 noyabr 2020-ci il tarixdə Göygöl rayonunun Hacıməlik qəsəbə qəbristanlığında dəfn edilib. Şəhidimiz ailəlidir, 1 övladı var.