Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən Müharibəsi şəhidi Mirzəyev Şirzad Mirzə oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.

01 avqust 2022 | 20:32

     Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən Müharibəsi şəhidi Mirzəyev Şirzad Mirzə oğlunun doğum günü ilə bağlı Göygöl Rayon Şəhidlər Xiyabanındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.

     Mərasimdə Şəhidimizin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və kollektivləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

     Mərasimdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız  sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına  torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

     Şəhidin atası Mirzə Mirzəyev göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

     Şəhidimizin doğum günündə Göygöl şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

     Xatırladaq ki, Şəhid Mirzəyev Şirzad Mirzə oğlu 1 avqust 1996-cı ildə Göygöl rayonunun Qarabulaq kəndində anadan olmuşdur. 2003-cü ildə Qarabulaq kənd tam orta məktəbinin 1-ci sinfinə  qəbul edilmişdir.  2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2014-cü ilin oktyabr ayından  2016-cı ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Şirzad  Mirzəyev 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimiz ailəlidir, 1 övladı var.

Keçidlər