Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən Müharibəsi şəhidi Maqsud Məmmədovun xatirəsinə inşa olunan ehsan bulağının açılış mərasimi keçirilib

14 iyul 2022 | 18:06

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon şəhidi Məmmədov Maqsud Vüqar oğlunun adına inşa olunan xatirə bulağının açılışına həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl ziyarətçilər şəhidin Göygöl Şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət edilib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, qazilər, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin hərbi qulluqçuları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər və şəhidin təhsil aldığı Göygöl şəhər 4 nömrəli tam orta məktəbin direktoru Aişə İsgəndərova  şəhid Maqsud Məmmədovun keçdiyi döyüş yolundan, vətənə sədaqətindən,  vətən uğrunda göstərdiyi şücaətdən danışıblar.

Maqsud Məmmədov 2009-cu ilin yanvar ayından  2010-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edən Maqsud Məmmədov 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş və 9 oktyabr 2020-ci il tarixdə Göygöl Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Şəhidin anası Məhəbbət Məmnədova ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Daha sonra şəhidin təhsil aldığı Göygöl şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

Sonda isə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova və şəhid anası Məhəbbət Məmnədova tərəfindən şəhid Maqsud Məmmədovun xatirəsinə inşa olunan ehsan bulağının açılışını həyata keçiriblər.

Keçidlər