Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən Müharibəsi şəhidi Həsən Bayramovun doğum günü mərasimi keçirilib

17 iyun 2022 | 17:52

          Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon şəhidi Bayramov Həsən Bəhrəm oğlunun doğum günü Gəncə Şəhər Şəhidlər Xiyabanındakı məzarı başında qeyd edilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.

          Mərasimdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon şöbəsinin üzvləri,  məktəb direktorları, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

Xatırladaq ki, Şəhid Bayramov Həsən Bəhrəm oğlu 17 iyun 1992-ci ildə Göygöl rayonunda anadan olmuşdur.1999-cu ildə Gəncə şəhər 12 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2006-cı ildə orta təhsilini 7-ci sinifdə oxuyarkən Göygöl şəhər texniki-təbiət fənləri liseyində davam etdirmişdir. 2009-cu ildə həmin liseyin 9-cu sinfini bitirib Gəncə şəhər Humanitar Kollecinə daxil olmuşdur. 2011-ci ildə həmin kolleci bitirmişdir. 2011-ci ilin iyul ayından  2013-cü ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci il iyul ayından “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Həsən Bayramov 5 noyabr 2020-ci il tarixdə Laçın rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın  azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad  olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

Allah Şəhidimizə rəhmət eləsin.

Keçidlər