Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər

08 iyun 2020 | 16:00

Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxunaraq qeyd edib ki, qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb.
Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi. və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı,  çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır.
Bu seçkilərin COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsi məsələsi də geniş izah olunmalıdır. Pandemiya dövründə keçirilən seçkilərdə belə Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı. Hətta BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxardaraq bunun bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı. Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirlərin almaması da diqqətdən kənarda qalmamalı və gündəmə gətirilməlidir.
AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.
AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür AŞPA-da bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür.
AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil.
AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njdeyə kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?! Utanmasan, oynamağa nə var ki? Gör kim kimə faşist deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində faşistə abidəni də Azərbaycan qoyub.
30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri olduqca əhəmiyyətlidir, bu da azərbaycanafobiya qüvvələri narahat edir.

Keçidlər