“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib
01 iyun 2020-ci il tarixində Ombudsmanın Gəncə Regional Mərkəzi, Göygöl Rayon İcra Hakimiyyəti və Göygöl rayon Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə İnsan hüquqları aylığı çərçivəsində “Hüquqlarımızı bilək və qorumağı bacaraq!” mövzusunda Göygöl rayon məktəblilərinin iştirakı ilə onlayn hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbir iştirakçılarına insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verən Səbuhi Abbasov Azərbaycan Respublikasının Konstitusiyasında, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında, habelə ölkəmizin tərəfdar çıxdığı bir sıra digər beynəlxalq müqavilələrdə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı mühüm normalar təsbit edildiyini və onların da həyata keçirilməsinə dövlət tərəfindən nəzarət edildiyini, müvəkkilin fəaliyyətində uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyini və uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntuların vaxtında müəyyən edilərək araşdırılması üçün təsisatda 24 saat fəaliyyət göstərən 916 qaynar xəttinin yaradıldığını diqqətə çatdırıb.
Tədbirdə eyni zamanda uşaqların mənəvi və fiziki inkişafına böyük əngəllər törədən zərərli vərdişlərin mənfi tibbi və sosial, hüquqi nəticələri barədə ətraflı məlumatlar verilərək şagirdlərin zərərli vərdişlərə qarşı maarifləndirilməsinin, onların vətənpərvərlik, milli, mənəvi, dini dəyərlərimizə hörmət ruhunda tərbiyə almalarının əhəmiyyəti qeyd olundu.
Tədbirdə iştirak edən şagirdlərlə müzakirələrdə onlar uşaq hüquqları haqqında biliklərini ifadə edərək aktivlik nümayiş etdirdilər.