Göygöl rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram şənliyi təşkil edilmişdir.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Göygöl rayon İcra Hakimiyyəti tərəfindən bayram şənliyi təşkil edilmişdir. Tədbirdə rayon ümumtəhsil məktəb şagirdləri, rayonda fəaliyyət göstərən uşaq bağçalarının uşaqları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edirdilər.
Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə xanım İbrahimova çıxış edərək bildirdi ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar, uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Eyni zamanda görülmüş işlər sırasında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulması bu sahədə ümumbəşəri normaların ölkəmizdə həyata keçirilməsinə zəmin yaradır.
Bayram şənliyi Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, uşaq bağçalarının, ümumtəhsil məktəb şagirdlərinin hazırladıqları rəqs və səhnəciklərlə davam etdirildi. Tədbirdə iştirak edən bütün uşaqlara Göygöl rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.