Göygöl rayonunda 28 May – Respublika Günü münasibəti ilə elmi-praktiki konfrans keçirilmişdir.
27 may 2013-cü il tarixdə Göygöl rayon İcra hakimiyyətinin akt zalında 28 May Respublika Günü münasibəti ilə elmi-praktiki konfrans keçirilmişdi. Konfransı giriş sözü ilə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov açaraq 28 may Respublika günü münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi və 1918-ci ilin may ayının 28-də Şərqdə ilk demokratik Respublika Azərbaycan Demokratik Respublikasının yaradılma tarixi barədə geniş məlumat verdi. Qeyd olundu ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub və Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Lakin, beynəlxalq aləmdə yaranmış gərginlik, eləcə də Azərbaycan Demokratik Respublikasının Şimalında yaranmış təhlükə nəticəsində Demokratik Respublika uzun müddət fəaliyyət göstərə bilməmişdir. Cəmi 23 ay yaşadıqdan sonra 1920-ci ilin aprel ayının 28-də Sovet Rusiyası tərəfindən süquta uğramışdır. Çax sevindirici haldır ki, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə də öz müstəqilliyini yenidən bərpa etdi.
“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması bundan da çətindir” müdrik kəlamı söyləmiş ümummilli liderimiz Heydər Əliyev əldə olunmuş Müstəqilliyimiz möhkəmləndirilməsinə və müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf etdirilməsinə nail olmuşdur.
Əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin qorunması və inkişafı hal-hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Konfransda çıxış edən digər natiqlər Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslər barədə geniş məlumat verdilər.