Göygöl Rayon İcra Hakimiyyətində video-bağlantı vasitəsi ilə müşavirə keçirilib.
Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov inzibati ərazi dairələri üzrə nümayəndələrlə onlayn müşavirə keçirib.
Video-müşavirə vasitəsilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib. Eyni zamanda bildirilib ki, hər bir ailə, xüsusilə 65 yaşdan yuxarı olan insanlar ciddi nəzarətə götürülməlidirlər. İnsanların təmas imkanları minimuma endirilməli, yalnız ciddi ehtiyac olduğu təqdirdə evdən çıxmalıdırlar.
İcra başçısı bildirib ki, kənd və qəsəbələrdə dezinfeksiya işlərinə xüsusi nəzarət edilməli, mobil qrupların köməyi ilə sakinləri maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmalıdır. Kənd təsərrüfatı ilə məşğul olan sakinlərə arayışların verilməsinə diqqət yetirilməli, onlara lazımi dəstək göstərilməlidir. Hər hansı bir neqativ hal baş verdiyi halda dərhal Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargaha məlumat verilməlidir.