Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin yeni tikilmiş inzibati binası istifadəyə verilib
Fevralın 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin yeni tikilmiş inzibati binasının açılışı olub. Açılışda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Arzu Rəhimov bildirib ki, Azərbaycanın iqtisadi inkişafı ordu quruculuğuna da müsbət təsirini göstərib. Yeddi il əvvəl yaranan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin yeni binasının istifadəyə verilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük sosial-iqtisadi islahatların və quruculuq işlərinin növbəti təzahürüdür.
Binanın açılışını bildirən lent kəsilib və mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.