Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 fevral 2020-ci il tarixdə Göygöl şəhər Mədəniyyət mərkəzində Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların rayon təşkilatlarının, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, mətbuat işçiləri, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov iştirak etdilər.
Yığıncaqda “Göygöl rayonunda 2019-cu ildə sosial-iqtisadi sahədə görülən işlərin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki, 2019-cu ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, 8 xidmət, 3-ü emal olmaqla 11 istehsal obyektləri istifadəyə verilmişdir. 2019-cu il ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 208 milyon 348,8 min manat olmuşdur. Bundan 149 milyon 733,4 min manatı (71,8%) istehsal sahələrini, 58 milyon 615,4 min manatı (28,2%) xidmət sahələrini əhatə edir. Adambaşına 3224,9 manat dəyərində məhsul istehsal edilmişdir.
Hesabat ili ərzində rayonda 1556 yeni iş yerləri açılmış, bunun da 881-i daimidir. Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 596 vahidə çatmış, hesabat dövründə aqrar sahənin inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 24 sahibkara 1 milyon 532 min manat məbləğində güzəştli kredit verilməklə 79 yeni iş yeri yaradılmışdır.
2019-cu ildə 44 milyon 193,8 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 39 milyon 664,7 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
2019-cu ildə rayon Statistika idarəsinin yeni inzibati binası istifadəyə verilmiş, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində 130 mənzillik 5 mərtəbəli 3 binanın tikintisi başa çatdırılmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin inzibati binasının və Qafqaz tipli otelin tikintisi davam etdirilir.
Dövlət Mənzil Fondu vəsaiti hesabına 2019-cu ildə 10 dövlət mənzili təmir edilmişdir.
Qızılqaya qəsəbəsində yeni nümunəvi məhəllənin yaradılması məqsədi ilə, qəsəbədaxili yola və səkilərə ümumilikdə 5050 kv.metr asfalt örtük salınmış, 2000 p/m bardür daşları quraşdırılmışdır. 3 ədəd çoxmənzilli binaların fasad divarları rənglənmiş, idman meydançası yaradılmış, söhbətgahlar və oturacaqlar quraşdırılmış, işıqlandırma sistemləri yenilənmişdir. 610 ədəd müxtəlif növ dekorativ ağaclar və 2500 ədəd lükstr kolu əkilmiş, yaşıllıqların suvarılması üçün 1500 p/m yeni su xətti çəkilərək sakinlərin istifadəsinə verilmişdir.
Şəhərin Mikayıl Müşfiq və İsrafil Məmmədov küçələrinə ümumilikdə 13790 kv.metr ölçüdə yol və səkilərə asfalt-beton örtüyü salınmış, 60 p/metr səki daşı, 2160 p/metr su ötürücü arxlar quraşdırılmışdır. 30 min p/metr şəhərdaxili yolların kənarsərhəd, orta və piyada keçid nişanları yol boyası ilə rənglənmişdir. Şəhər 1 və 2 saylı Qəbiristanlıqların daxili yollarına 2200 kv. metr asfalt örtük salınmışdır.
8 yaşayış məntəqəsini birləşdirən, 42,3 km-lik Gəncə -Kəlbəcər Laçın avtomobil yolunun yenidən qurulması işlərinə başlanılib və tamamlama işləri aparılır. Toğanalı, Əzgilli, Nadil, Zurnabad avtomobil yollarında, Çaykənd, Qarabulaq, Quşçu, Quşqara kənddaxili yollarda təmir işləri aparılmışdır.
2019-cu ildə rayon ərazisində 20800 ton taxıl istehsal edilmişdir ki, bundan 14946 ton buğda, 5854 ton arpa məhsulu olmuşdur.
Nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi sayəsində ötən il fermer Zalov Fuad Abbas oğlu daha çox-221 hektar sahədən 770 ton buğda, “Göygöl üzüm bağı” MMC-də briqadir Həsənov Elmar Məmməd oğlu öhdəsində olan 82 hektar üzüm bağından hər hektardan 8,9 ton üzüm istehsal etmişlər. Rayon ərazisində 2019-cu ildə 8395,0 hektar sahədə payızlıq şum aparılmışdır.
2019-cu ildə 1530 nəfər toxum və kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən 728 min 263 manat subsidiya və yardım verilmişdir.
2019-cu ildə 730 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçısına 70 % güzəştlə dəyəri 725 min 550 manat olmaqla 1326 ton mineral gübrə və 3973 litr kimyəvi preparatlar satılmışdır.
Rayonda iribuynuzlu mal-qaranın sayı 20 min 289 başa, xırdabuynuzlu mal-qaranın sayı 139 min 688 başa çatdırılmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 213 ton, ət istehsalı 14,8 ton, yumurta istehsalı 8 min ədəd artmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən rayon ərazisində qazılması nəzərdə tutulmuş 7 ədəd subartezian quyusundan Yeni Qızılca kəndində 2 ədəd, Balçılı, Qırıxlı, Xaqani, Quşqara, Səmədli, kəndlərində isə hər birində 1 ədəd olmaqla subartezian quyusu istifadəyə verilmişdir.
Hesabat ilində 2396 nəfər işaxtaran rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 687 nəfəri münasib iş yerləri ilə təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" imzaladığı Sərəncama əsasən Özünüməşğulluq proqramı çərçivəsində rayonda işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik 73 şəxsin 53-ü ak¬tiv¬lər¬lə tə¬min edilmiş, qalan şəxslər isə yaxın zamanda təmin olunacaqdır.
“Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2019-cu il ərzində Aşağı Zurnabad qəsəbəsinin qazlaşdırılması üçün bir pilləli sistem əsasında müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş, mənzillərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılaraq abonentlər təbii qazla təmin edilmişdir.
Əhali üzrə istehlak olunan təbii qazın həcmi 27 milyon 568 min kub/metr təşkil etmiş, ödəniş 102 % yerinə yetirilmişdir.
İçməli su ilə təminatın və suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Toğanalı kəndinin Bənövşəli adlanan ərazisindən 7,5 km uzunluğunda d-500 mm-lik dəmir boru ilə su mənbəyinə yeni xətt çəkilmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2019-cu il ərzində ölkəmizdə böyük layihələrin həyata keçirildiyini, 2020-ci il ərzində daha geniş miqyaslı işlərin görüləcəyini qeyd etdi və əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul edildiyini diqqətə çatdırdı
Hesabat yığıncağı tənqid və özünütənqid şəraitində keçdi, sonda qarşıda duran vəzifələri əhatə edən qərar qəbul edildi və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup rayon sakininə fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.