Göygöl rayonunda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Avqustun 10-da Göygöl rayonunda 2019-cu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqalların, ziyalıların, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasətinin, gələcəklə bağlı mükəmməl proqramların icrasının nəticəsi olaraq 2019-cu ilin birinci yarısında ölkəmiz öz inamlı inkişafını davam etdirmiş, qarşıda duran bütün vəzifələr uğurla icra edilmiş, böyük infrastruktur layihələri icra edilmişdir. Son 15 il ərzində üç Dövlət Proqramının icrası nəticəsində bir çox önəmli məsələlər öz həllini tapıb, 3000-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib, 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub, ilin əvvəlində isə regionların sosial iqtisadi inkişafına dair IV Dövlət Proqramı qəbul edilmişdir. Həyatın bütün sahələrini əhatə edən “Strateji yol xəritələri” uğurla icra edilir. İqtisadiyyatın neftdən asılılığı xeyli aşağı düşmüş, əsas sahələrdə yüksəliş əldə olunmuşdur. İqtisadiyyatımız 2,4%, qeyri neft sektorumuz 3,2%, qeyri-neft sektorunda sənaye istehsalı 15,7%, kənd təsərrüfatı 13%, bitkiçilik 25% artmışdır. Əhalinin gəlirləri 6,6% çoxalmış, inflyasiya 2,5% təşkil etmişdir.
Aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi məsələləri ön planda durur. Bu günədək dövlətin maliyyə dəstəyi ilə ölkədə nəzərdə tutulan 51 aqroparkdan 22-si yaradılmış, ilin sonunadək 11 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulur. İstehsalçılara güzəştli şərtlərlə gübrə, yanacaq, subsidiya, texnika verilir, istehsal sahələri genişləndirilir. Bu il fermerlərə 700-dən çox texnika satılmışdır. Taxıl istehsalı və bostan məhsulları 40%, meyvə 20%-dən çox, barama 25%, tərəvəz 14% artmışdır ki, bu da ixracın xeyli artması deməkdir.
Hesabat məruzəsində bildirildi ki, 2019-cu ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Rayonda 2019-cu ilin 6 ayı ərzində 787 yeni iş yerləri açılmışdır, bunun da 464-ü daimidir. Hesabat dövrü ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 106 milyon 22,8 min manat, ondan 70 milyon 523,9 min manatı (66,5%) istehsal sahələrini, 35 milyon 498,9 min manatı (33,5%) xidmət sahələrini təşkil etmiş, adambaşına 1652,9 manat dəyərində məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən məhsul istehsalı və xidmətlərin göstərilməsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 196,6% artaraq 21 milyon 27,8 min manat olmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 85,2 % təşkil etmişdir.
Hesabat dövründə 7 milyon 815,5 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 7 milyon 139,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Rayon Statistika idarəsinin yeni inzibati binası istifadəyə verilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. Məcburi köçkünlər üçün 130 mənzilli yaşayış binalarının inşasına başlanılmışdır.
Şəhərin Mikayıl Müşfiq və İsrafil Məmmədov küçələrinə ümumilikdə 13790 kv.metr ölçüdə yol və səkilərə asfalt-beton örtüyü salınmış, 60 p/metr səki daşı, 2160 p/metr su ötürücü arxlar quraşdırılmışdır. 30 min p/metr şəhərdaxili yolların kənarsərhəd, orta və piyada keçid nişanları yol boyası ilə rənglənmişdir. Şəhər 1 və 2 saylı Qəbiristanlıqların daxili yollarına 2200 kv.metr asfalt örtük salınmışdır. H.Əliyev prospekti, S.Hacıyev, A.Hacıyev, M.Ə.Rəsulzadə, M.Ə.Sabir, Nəsrəddin Tusi və Ticarət küçələrində fasad divarlarında çat və tökülmüş suvaqlar təmir olunaraq 3500 kv.metr fasad divarı suyadavamlı emulsiya ilə rənglənmişdir. Dövlət Mənzil Fondu vəsaiti hesabına 2019-cu il üçün nəzərdə tutulmuş 11 dövlət mənzilindən 8-i təmir edilmiş və işlər davam etdirilir. Şəhriyar kənd uşaq bağçası əsaslı təmir edilmişdir.
Qızılqaya qəsəbədaxili yola və səkilərə ümumilikdə 5050 kv.metr asfalt örtüyü salınmış, 2000 p/m bardupilor daşları quraşdırılmışdır. 3 ədəd çoxmənzilli binaların fasad divarları rənglənmiş, idman meydançası yaradılmış, söhbətgahlar və oturacaqlar quraşdırılmış, işıqlandırma sistemləri yenilənənmişdir. 610 ədəd müxtəlif növ dekorativ ağaclar və 2500 ədəd lükstr kolu əkilmiş, yaşıllıqların mütəmadi suvarılması üçün 1500 p/m yeni su xətti çəkilərək sakinlərin istifadəsinə verilmişdir.
2019-cu ilin 6 ayında 294 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına 70% güzəştlə dəyəri 277 min 603 manat olmaqla 643 ton mineral gübrə və 3972 litr kimyəvi preparatlar satılmışdır.
Sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 593 vahidə çatmış, hesabat dövründə aqrar sahənin inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 sahibkara 74 min manat məbləğində güzəştli kredit verilmişdir.
Kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusilə də pay torpaqlarından təyinatı üzrə səmərəli istifadə olunmasına, torpaqların təyinatının dəyişdirilərək qanunsuz tikililər aparılmasının və digər məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasına nəzarət gücləndirilmişdir.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 107 ədəd subartezian quyularında cari, 3 subartezian quyularında isə əsaslı təmir işləri aparılmışdır Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən rayon ərazisində qazılması nəzərdə tutulmuş 7 ədəd subartezian quyularından Xəqani kəndində 1 ədədi, Qırıxlı kəndində 1 ədədi, Balçılı kəndində 1 ədədi, Yeni Qızılca kəndində isə 2 ədədi qazılmış, Quşqara və Səmədli kəndində hər birində 1 ədəd olmaqla qazılma işlərinə başlanılmışdır, işlər davam etdirilir.
Yığıncağın yekunda möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cümhuriyyətin 100 illiyi” və “dövlət qulluğunda fərqlənmə” ilə bağlı Göygöl rayonundan medallarla təltif edilmiş şəxslərin mükafatlandırılma mərasimi keçirilib.