Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Müstəqillik günü Göygöl rayonunda qeyd edilib

27 may 2022 | 15:08

28 May – Müstəqillik günü münasibəti ilə Göygöl rayonunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı, başçısının I müavini Turani Əliyev, rayonun hüquq-mühafizə, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ziyalıları iştirak ediblər.

Tədbirdən əvvəl konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Elmi-praktiki konfrans Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunub. Sonra giriş sözü ilə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı, başçısının I müavini Turani Əliyev çıxış edib və qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Məhz müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir.

Vətən müharibəsindən sonra öz ərazi bütövlüyünü bərpa etmiş qalib ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranmışdır.

28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında geniş və ətraflı məlumat verdilər.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı keçirilən Respublika müsabiqələrində qalib gəlmiş 3 nəfər məktəbliyə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyəsi təqdim olundu. 

Keçidlər