Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə seminar-müşavirə keçirildi

23 noyabr 2018 | 16:00

Göygöl rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirildi.
Seminar-müşavirədə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon ictimaiyyəti və gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan RİH başçısının birinci müavini Turani Əliyev bildirdi ki, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirləri mühüm rola malikdir və bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti yüksək qiymətləndirilir.
Azərbaycanda mövcud olan tolerant və multikultural mühitdən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında vurğuladı ki, Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir, 861 dini qurum qeydiyyatdan keçib ki, onların 830-u İslam, 31-i isə qeyri-islam təmayüllüdür. Eyni zamanda qeyd olundu ki, dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edir və müəyyən şəxslər və qurumlar tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq biruzə verir.  Bir sıra ölkələrdə zərərli dini təriqətlərin sərbəst yayılması, radikal və ekstremist qruplarla mübarizə işinin səmərəli qurulmaması, dindən siyasi məqsədlər üçün istifadəyə şərait yaradılması dünyada ekstremizm və dözümsüzlük meyllərini daha da artırır, onların əhatə dairəsini genişləndirir.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olundu.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.

Keçidlər