Göygöl rayonunun Şəhriyar və Kərəmli kəndlərinə təbii qaz verildi
Şəhriyar və Kərəmli kəndlərinə çəkilmiş təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidov, Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Azər Bayramov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Göygöl rayon Qaz istismar sahəsinin rəisi Samin Hacıyev tədbirdə çıxış edərək qeyd etdi ki, Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən regionların qazlaşdırılması ilə bağlı böyük layihələr həyata keçirilir, hazırda Göygöl rayonunun 24 yaşayış massivi təbii qazla təmin edilmişdir. Bu gün isə Şəhriyar kəndi üzrə 342, Kərəmli kəndi üzrə isə 100 abonentə təbii qazın verilməsi təmin olunur. Eyni zamanda rayonun 6 yaşayış massivinə təbii qazın çəkilişi davam edir.
Kənd sakinləri onlara bu sevinci yaşatdıqlarına görə ilk növbədə ölkə rəhbəri cənab İlham Əliyevə və bu işdə əməyi olan hər bir şəxsə dərin minnətdarlıqlarını bildirdilər.
Göygöl rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki, yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi prioritet məsələlərdəndir və daim dövlətimizin diqqət mərkəzindədir. Göygöl rayonunda bu siyasət uğurla həyata keçirilir. Gələcəkdə rayonun qazlaşmamış digər yaşayış massivlərinin də qazlaşdırılması nəzərdə tutulub.
Tədbirin sonunda açılış rəmzi olan fakel yandırıldı və evlərə təbii qazın verilməsi təmin olundu.