Ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələrlə İcra Hakimiyyətində görüş keçirildi
Göygöl Rayon İcra Hakimiyyətində 2017-2018–ci tədris ilində Göygöl rayonu üzrə ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələrlə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidovun görüşü keçirildi. Görüşdə rayon Təhsil şöbəsinin işçiləri, məktəb rəhbərləri, tələbələr, valideynlər, rayon ağsaqqalları və media nümayəndələri iştirak etdilər.
Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tədbirdə çıxış edərək Göygöl rayonu üzrə ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların valideyn və müəllimlərini təbrik etdi, onlara xoş arzularını çatdırdı və qeyd etdi ki, hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, müxtəlif proqramların icrası bu sahənin maddi-texniki bazasının müasirləşdirilməsinə geniş imkan açıb.
Respublikamızın bütün bölgələrində olduğu kimi, bizim Göygöl rayonunda da geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılır, eyni zamanda Təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, təhsilin səviyyəsi rayonumuzda artır, ali məktəbə qəbulun nəticəsi ilbəil yüksəlir.
Görüşdə iştirak edən təhsil işçiləri, tələbələr və valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tərəfindən tələbələrə xatirə hədiyyələri təqdim olundu və xatirə şəkili çəkildi.