Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Gənclər və idman naziri cənab Azad Rəhimov Göygöl rayon Heydər Əliyev Mərkəzində Göygöl, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Qazax, Samux, Şəmkir, Tovuz rayon, Gəncə və Naftalan şəhər sakinlərinin şikayət və müraciətlərini dinləyib.
Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.
İdman sahəsi üzrə edilən müraciətlər sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s mövzular daxil olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.