Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi

13 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olunmuşdur.
Müşavirədə  Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqalların, ziyalıların nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
        İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasətinin, gələcəklə bağlı mükəmməl proqramların icrasının və xalq-iqtidar birliyinin nəticəsi olaraq 2018-ci ilin birinci yarısında ölkəmiz öz inamlı inkişafını davam etdirmiş, qarşıda duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan həm iqtisadi, həmdə beynəlxalq siyasət sahələrində yüksək uğurlar əldə etmişdir. 
2018-ci ilin 6 ayında Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Göygöl şəhərinin Fərman Kərimzadə küçəsində və Qızılqaya qəsəbəsində yerləşən çoxmənzilli binaların 5-nin dam örtüyü dəyişmiş, həmin binalardan 2-nin, ondan başqa 21-ci məhəllədə və M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 mərtəbəli binaların fasad hissələri suvanmış və rənglənmişdir.
Göygöl şəhərinin Ordubadi, Mikayıl Müşfiq və İsrafil Məmmədov küçələrinə asfalt örtük salınması üçün işlərə başlanılmış, hazırda 2000 kvm səkilərə, yol hissəsinə isə 4000 kvm asfalt örtük salınmış, 1500 p/m su ötürücü arxlar düzülmüşdür.  
3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 18 km uzunluğunda Bakı-Qazax magistral avtomobil yolunun 353 km-dən - Çaylı - Pənahlılar - Dozular kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılaraq yola asfalt örtük salınmışdır.
Göygöl - Aşıqlı - Hacıkənd - Mixaylovka - Yeni-Zod - Toğanalı kəndarası və Göy-Gölünədək gedən avtomobil yolu əsaslı təmir edilərək asfalt örtük salınmasına başlanılmış və hazırda işlər davam etdirilir.  
Rayonda 2018-ci ilin altı ayı ərzində 445 yeni iş yerləri açılmışdır,  bunun da 245-i daimidir. 
2018-ci ilin 6 ayı ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 83 milyon 152,3 min manat, ondan 47 milyon 885,0 min manatı (57,6 %) istehsal sahələrini, 35 milyon 267,3 min manatı (42,4 %) xidmət sahələrini təşkil etmiş, adambaşına 1305,1 manat dəyərində məhsul istehsal edilmişdir.
2018-ci ilin 6 ayında 229 nəfər kənd təsərrüfatı məhsullarının  istehsalçılarına 70 % güzəştlə  577,9 ton mineral gübrə satılmışdır.
Heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədi ilə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 %-ni ödəmək şərti ilə 7 baş cins mal-qara satılaraq cins mal-qaranın sayı 181 başa çatdırılmışdır. Eyni zamanda 446 baş mal-qara süni yolla mayalandırılmış, 200 baş cins bala alınmışdır.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 107 ədəd   subartezian quyusunda cari, 4 subartezian quyusunda əsaslı təmir işləri aparılmışdır. Qapalı boru şəbəkəsinin 2,0 km, beton kanalların isə 5 km  hissəsi təmir edilmiş, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 123 min kub metr həcmində təmizləmə işləri görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Qızılqaya və Hacıməlik qəsəbəsində, Yeni Qızılca, Balçılı kəndində qazılması nəzərdə tutulmuş subartezian quyusundan Hacıməlik qəsəbəsində və Yeni Qızılca kəndində qazılmış, qalan 2 ədəd subartezian quyusunun qazılması istiqamətində işlər davam etdirilir.
Cari ilin 6 ayı ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 2 milyon 39 min manat proqnoza qarşı 2 milyon 348,0 min manat və ya 115,1 %, büdcənin xərcləri isə 2 milyon 889,3 min manat proqnoza qarşı 2 milyon 501,7 min manat və ya 86,5 %  icra edilmişdir.
Rayonun Çaylı, Pənahlılar, Üçtəpə, Xaqani, Əzgilli kəndlərində hava elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunmuş, hazırda 334 ədəd dayaq basdırılaraq 9,0 km uzunluğunda  xətt çəkilmişdir.
Əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə 62 ədəd qaz tənzimləyici şkaflar və 325 ədəd siyirtmələr əsaslı təmir edilmiş, tikintisi davam etdirilən Qızılca kəndində 2099 p/m, Yeni Qızılca kəndində 14165 p/m müxtəlif diametrli qaz xətləri çəkilmiş, 734 ədəd qaz sayğacları quraşdırılmışdır. Hazırda işlər davam etdirilir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin  aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər