Göygöl rayonunda alman faşizmi üzərində qələbənin 73-cü ildönümü qeyd olundu
Göygöl rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə “Qələbə” parkında geniş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, ağsaqqallar, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov veteranları təbrik edərək, Böyük Vətən Müharibəsində qələbənin heç də asanlıqla əldə edilmədiyini, bu müharibədə Azərbaycandan 600 mindən çox şəxs iştirak etdiyini qeyd edib. Qələbənin əldə olunmasında Azərbaycan neftinin həlledici rolu olduğunu, həmin dövrlərdə SSRİ-də istehsal olunan neftin 71,4%-nin Azərbaycanın payına düşdüyünü diqqətə çatdırıb. Eyni zamanda cənab Başçı qeyd edib ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqının xidmətlərinin qiymətləndirilməsində Ümummilli lider Heydər Əliyevin əməyi böyük olmuşdur. Bu diqqət və qayğı bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə, qələbədə əməyi olan şəxslərə birdəfəlik maddi yardım göstərilməsi onlara dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edən digər şəxslər də BVM-si veteranlarını təbrik edərək, onlara xoş arzularını çatdırıblar.
Tədbir Göygöl rayon Mədəniyyət mərkəzinin təşkil etdiyi bayram konserti ilə davam etdirilib.