Ombudsman Gəncə Regional Mərkəzinin təşəbbüsü ilə Göygöldə tədbir keçirilib
Göygöl rayon Heydər Əliyev Mərkəzində Ombudsman Gəncə Regional Mərkəzinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Rayon İcra Hakimiyyətinin rəsmiləri, müəllimlər, eləcə də gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək qeyd etdi ki, 28 May 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixində çox böyük bir hadisədir. Yeni tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu ölkəmizin Sovet İttifaqı tərkibində məhz müttəfiq respublika kimi yer tutmasını təmin edən başlıca amil kimi çıxış edir. Eyni zamanda müstəqilliyin bərpası məsələsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xüsusi və müstəsna rolu var. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsindən xilas oldu, öz müstəqilliyini qoruyub saxladı.
Tədbirdə çıxış edən natiqlər də Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyətindən və Ümummilli lider Heydər Əliyevin fəaliyyəti barədə geniş və ətraflı məlumat veriblər.