Göygöl rayonunda Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinin praktiki tətbiqinə başlanılıb
“Göygöl rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Komitənin tabeli qurumlarının nümayəndələri, bələdiyyələr, idarə, müəssisə, təşkilat və media nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində başlıca məqsəd Göygöl rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq olub. Göygöl rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyllilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.
Təqdimatın sonunda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.