Göygöl rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olunmuşdur.
Müşavirədə Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqalların, ziyalıların nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirdi ki, 2018-ci ilin birinci rübündə dünya iqtisadiyyatında böhranlı vəziyyətin davam etməsinə baxmayaraq, ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasətinin, gələcəklə bağlı mükəmməl proqramların icrasının və xalq-iqtidar birliyinin nəticəsi olaraq Azərbaycan öz inamlı inkişafını davam etdirmişdir. Bu gün Azərbaycan heç kimdən asılılığı olmayan, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən, xalqın iradəsinə və milli maraqlara söykənən dövlət siyasətinə alternativ yoxdur.
Hesabat məruzəsində bildirildi ki, 2018-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Göygöl rayonu üzrə təmiri nəzərdə tutulmuş 8 çoxmənzilli binalardan 1-nin F.Kərimzadə küçəsində dam örtüyü dəyişmiş, M.Ə.Rəsulzadə küçəsində olan 1 binanın fasad hissəsi suvanmışdır. Hazırda Qızılqaya qəsəbəsində 1 binanın dam örtüyündə, və 2 binanın fasad divarında isə suvaq işləri davam etdirilir.
Göygöl-Aşıqlı-Toğanalı və Çaylı-Pənahlılar-Dozular kədlərarası avtomobil yollarının tikintisinə başlanılmış hazırda işlər davam etdirilir. Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu üçün inzibati bina tikilmişdir.
Rayonda 2018-ci ilin birinci rübü ərzində 291 yeni iş yerləri açılmışdır, bunun da 116-ı daimidir.
2018-ci ilin birinci rübündə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 41 milyon 209,2 min manat, ondan 23 milyon 914,5 min manatı (58,0 %) istehsal sahələrini, 17 milyon 294,7 min manatı (42,0 %) xidmət sahələrini təşkil etmiş, adambaşına 522,2 manat dəyərində məhsul istehsal edilmişdir.
Kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusilə də pay torpaqlarından təyinatı üzrə səmərəli istifadə olunmasına, torpaqların təyinatının dəyişdirilərək qanunsuz tikililər aparılmasının və digər məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasına nəzarət gücləndirilmişdir.
2018-ci ilin birinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2561,4 min manat çox olmaqla 11 milyon 322,2 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 %-i qeyri-dövlət sektorunun payına düşür.
Heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədi ilə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə 50 % güzəştlə lizinq yolu ilə son 4 ildə satılmış cins mal-qaranın sayı 174 başa çatdırılmışdır. Eyni zamanda 2018-ci ilin birinci rübündə süni mayalanma yolu ilə 113 baş cins bala alınmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 5,2 ton, ət istehsalı 473,7 ton, yumurta istehsalı 6,0 min ədəd artmışdır.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 48 ədəd subartezian quyusu, qapalı boru şəbəkəsinin 1 km, beton kanalların isə 2 km hissəsi təmir edilmiş, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 53 min kub metr həcmində təmizləmə işləri görülmüşdür.
Cari ilin birinci rübü ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 876,2 min manat proqnoza qarşı 993,0 min manat və ya 113,3 %, büdcənin xərcləri isə 1 milyon 366,4 min manat proqnoza qarşı 979,4 min manat və ya 89,6 % icra edilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2018-ci ilin 3 ayı ərzində 861 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 216 nəfəri münasib iş yerləri ilə təmin olunmuşdur.
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2018-ci ildə elektrik təsərrüfatında 48,4 min manat dəyərində təmir-bərpa quraşdırma işləri aparılmış, 18 ədəd müxtəlif güc transformatorları təmir edilmiş, 6,7 km elektrik veriliş xətti çəkilmiş, qəza vəziyyətində olan 111 ədəd elektrik dayaqları yenisi ilə əvəz olunmuşdur.
Əhali üzrə istehlak olunan elektrik enerjisinin həcmi 8 milyon 622,0 min kvt saat təşkil etmiş, ödəniş 98,2 % yerinə yetirilmişdir.
Əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə 30 ədəd qaz tənzimləyici şkaflar və 302 ədəd siyirtmələr əsaslı təmir edilmiş, tikintisi davam etdirilən Qızılca kəndində 621 p/m, Yeni Qızılca kəndində 11266 p/m müxtəlif diametrli qaz xətləri çəkilmiş, 51 ədəd qaz sayğacları quraşdırılmışdır. Hazırda işlər davam etdirilir.
Rayonun yaşayış məntəqələrini qazlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında Kərəmli kəndində 4200 p/m, Şəhriyar kəndində 1680 p/m müxtəlif diametrli qaz xətləri çəkilmişdir. Hazırda bu istiqamətdə də işlər davam etdirilir.
Əhalinin sağlamlığının qorunub saxlanılması, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırması istiqamətində müəyyən işlər görülmüş, yoluxucu xəstəliklərə qarşı 1337 nəfər peyvənd edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən rayon əhalisi ümumi profilaktik müayinələrə cəlb edilərək rüb ərzində 17592 nəfər, tibbi müayinədən keçirilmiş, onlardan 4934 nəfər ambulator, 81 nəfər stasionar müalicəyə cəlb olunmuş, 19 nəfər daha ixtisaslı tibbi yardım almaq üçün Bakı şəhərinə göndərmişdir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.