23 oktyabr 2022-ci il tarixdə Göygöl rayonundan hərbi xidmətə çağırılan şəhid Əliyev Üzeyir Sabir oğlunun məzarı və ailəsi ziyarət olunub
23 oktyabr 2022 | 16:04
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, şəhidin ailə üzvləri, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri tərəfindən torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Əliyev Üzeyir Sabir oğlunun qırx mərasimi günü Göygöl şəhər Şəhidlər xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Eyni zamanda Göygöl şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərı şəhid Əliyev Üzeyir Sabir oğlunun xatirəsinə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Xatırladaq ki, Şəhid Əliyev Üzeyir Sabir oğlu 24 fevral 1993-cü ildə Göygöl şəhərində anadan olmuşdur. 1999-cu ildə Göygöl şəhər 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş, 2007-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2007-ci ildə Göygöl Musiqi məktəbinə qəbul edilmiş və 5 il musiqi təhsili almışdır.
2011-cı ilin aprel ayından 2012-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildən “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 2022-ci il 12 sentyabr tarixində Azərbaycan Respublikasının Ermənistanla sərhədində gedən döyüşlərdə şəhid olmuşdur. 13 sentyabr 2022-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.