Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi
07 fevral 2018-ci il tarixdə Göygöl şəhər Mədəniyyət mərkəzində Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların rayon təşkilatlarının, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, mətbuat işçiləri, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin Deputatı Rövşən Rzayev iştirak etdilər.
Yığıncaqda “Göygöl rayonunda 2017-ci ildə sosial-iqtisadi sahədə görülən işlərin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki, 2017-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Cənab Prezidentimiz İlham Əliyevin 2017-ci ilin avqust ayının 19-da rayonumuza sayca dördüncü tarixi səfərləri zamanı Qələbə parkının, müasir tələblərə cavab verən şəhər 4 saylı Körpələr evi - uşaq bağçasının, Çiçəkli Su Elektrik Stansiyasının, Göygöl şəhərində Zona Toxumçuluq, Aqrokimya, Baytarlıq laboratoriyalarının və Respublika Süni Mayalanma Mərkəzinin açılışında şəxsən iştirak etməsi, görülən işlərə yüksək qiymət verməsi hamının sevincinə səbəb olmaqla yanaşı, insanların gələcəyə inamını və qurub yaratmaq əzmini daha da artırır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq son 14 ildə rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, 68 xidmət, 192 istehsal, 5 emal obyektləri istifadəyə verilmişdir.
Ümumi məhsul istehsalı 4,1 dəfə, sənaye məhsulu istehsalı 1,8 dəfə, kənd təsərrüfatı istehsalı 2,5 dəfə, pərakəndə ticarətin dövriyyəsi 4,0 dəfə artmış, 9 min 548-i daimi olmaqla 13 min 154, o cümlədən 2017-ci ildə 837-i daimi olmaqla 989 yeni iş yeri açılmışdır.
2017-ci ildə 39 milyon 329,6 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 37 milyon 102,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Hesabat ilində Göygöl şəhərində 10 çoxmənzilli binanın dam örtüyü dəyişmiş, 24 binanın fasad hissəsi suvanmış və rənglənmişdir. 4 fərdi yaşayış evinin daxilində təmir işləri aparılmış və 1 mənzilin dam örtüyü yenilənmişdir. Şəhərinin küçələrinə 35 min 926 kvm, səkilərə 16 min 210 kvm asfalt örtük salınmış, 3 min 885 p\m su ötürücü arxlar quraşdırılmış və 5 min 243 p\m səki daşları düzülmüş, 14 min 645 kvm taxta darvazalar, frontonlar, karnizlər və eyvan səthləri laklanmış, 1920 kvm metal darvazalar yağlı boya ilə rənglənmiş, 4 min 540 kvm fasad divarlar “mətanət” suvaq məhlulu ilə üzlənmiş, 19 min 960 kvm divarlar suyadavamlı fasad boyası ilə rənglənmiş, 10 min 130 kvm fasad divarda bəzək daşları laklanmış, 558 kvm YAP-ın binasının yanındakı fantanlar meydançasında olan pilləkənlər yenidən mərmər tavalarla üzlənərək təmir edilmiş və Rövşən Nəsibov məhəlləsində yeni park salınmışdır.
“Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsi”nin maliyyə dəstəyi ilə Yeni Zod, Quşqara, Köşkü, Pənahlılar, Yeni Qızılca, Nadil, Əlimədədli və Xaqani kəndlərinin 67,5 km daxili yollarına çınqıl verilərək təmir edilmişdir. Eyni zamanda Sarısu kəndində 2 min 400 p\m, Mollacəllilli kəndində 7 min 800 p\m içməli su xətti çəkilərək bir hovuzlu bulaqlar tikilmiş, Cümşüdlü, Topalhəsənli, Toğanalı, Çaylı, Dozular kənd qəbiristanlığının isə ətrafı metal torla hasara alınmış və su xətti çəkilmişdir.
Çaykənd kəndinə gedən magistral yolun Yeni Zod kəndi hissəsində 1100 p/m suötürücü arx düzülmüş, səkilərə qum-çınqıl verilərək hamarlanmış, 1500 kvm binaların fasadları suvanmış, 4 min 900 kvm divarlar emulsiya ilə rənglənmiş, yol kənarlarının müəyyən hissələri 600 p/m dəmir torla hasarlanmışdır.
20 iyun 2017-ci il tarixdə rayon ərazisinə düşən iri həcmli dolu nəticəsində Şəhriyar, Gəncə, Göyçəkənd, Üçbulaq, Köşkü, Aşıqlı, Yeni Zod, Mixaylovka, kəndlərində 733 fərdi yaşayış evinin və 8 sosial obyektin dam örtüyünə dəymiş ziyan aradan qaldırılmışdır.
Hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 162 milyon 867,4 min manata çatmış, ondan 107 milyon 839,4 min manatı (66,2 %) istehsal sahələrini, 55 milyon 28,0 min manatı (33,8 %) xidmət sahələrini təşkil etmişdir.
Ümumdaxili məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi rayon üzrə 80,5 %-ə çatmışdır. 2017-ci ildə 50 milyon 496,1 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,3 %-i qeyri-dövlət sektorunun payına düşür.
2017-ci ilin məhsulu üçün 8 min 190,3 hektar sahədə taxıl, o cümlədən 6 min 149,6 hektar sahədə buğda əkilmiş, 16 min 457,8 ton taxıl tədarük edilmişdir. 2018-ci ilin məhsulu üçün 8 min 69,3 hektar sahədə payızlıq taxıl əkilmişdir, bunun da 5 min 748,8 hektarı buğdadır.
Əhalinin, xüsusilə də gənclərin məşğulluğunu təmin etmək məqsədilə rayon üzrə “Ərazi Məşğulluq Proqramı” hazırlanaraq icrası yerinə yetirilmişdir.
Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə rayon Məşğulluq Mərkəzində vakant iş yerləri haqqında məlumatlar toplanılmış, 1421 nəfər işləməyən vətəndaş qeydiyyata götürülmüş, onlardan 250 nəfəri işlə təmin olunmuş, 51 nəfərə işsizlik müavinəti verilmişdir.
2017-ci il ərzində 59,5 min manat dəyərində inventar və avadanlıqlar, 86,5 min manat dəyərində müxtəlif çeşidli dərsliklər alınmış, 432 şagird yerlik Üçtəpə kənd tam orta məktəbi üçün yeni bina, Xasabağ kənd ümumi orta məktəbi üçün 40 şagird yerlik və Balçılı 1 saylı körpələr evi uşaq bağçası üçün modul tipli binalar tikilmiş, St.Qızılca uşaq bağçası təmir olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən rayon əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması davam etdirilərək 38630 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 9336 nəfər ambulator, 256 nəfər stasionar müalicəyə cəlb olunmuş, 19 nəfər daha ixtisaslı tibbi yardım almaq üçün Bakı şəhərinə göndərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən məktəblərin X-XI sinif şagirdləri üçün keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirmə tur-aksiyalarla bağlı Respublikanın 31 şəhər və rayonlardan 1240 nəfər şagird Göygöl şəhərinə gəlmiş, Göygöl rayon məktəblərinin 80 nəfər X-XI-sinif şagirdlərinin isə Şəki, Qəbələ, Zaqatala rayonlarına ekskursiyaları təşkil olunmuşdur.
Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2017-ci il ərzində ölkəmizdə böyük layihələrin həyata keçirildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı və 2018-cı il ərzində daha geniş miqyaslı işlərin görüləcəyini qeyd etdi.
Milli Məclisin Deputatı Rövşən Rzayev çıxış edərək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq son 14 ildə Göygöl rayonda həyata keçirilmiş geniş quruculuq abadlıq işləri barədə ətraflı məlumat verərək, Proqramda nəzərdə tutulmuş işlərin 2018-ci il ərzində başa çatdırılacağını yığıncaq iştirakçılarının nəzərinə çatdırdı.
Hesabat yığıncağı tənqid və özünütənqid şəraitində keçdi, sonda qarşıda duran vəzifələri əhatə edən qərar qəbul edildi və rayonda aparılan abadlıq-quruculuq işlərində fərqlənən bir qrup rayon sakininə fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.