“Ölkəmizi tanıyaq” tur-aksiyası davam edir.
Göygöl rayon ümumtəhsil məktəblərinin 40 nəfər əlaçı və nümunəvi şagirdləri üçün Qəbələ-Şəki-Zaqatala rayonlarına dörd günlük ekskursiya turları təşkil olundu. Yola düşməzdən əvvəl şagirdlər Ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət edərək, önünə gül dəstələri qoydular. Sonra şagirdlərlə Göygöl Heydər Əliyev Mərkəzində görüş keçirildi. Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, rayon hüquq mühafizə, idarə, müəssisə və təşkilat rəhbərləri, valideynlər, təhsil işçiləri, ağsaqqallar və media nümayəndələri iştirak etdi.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə Respublika ümumtəhsil məktəblilərinin şagirdləri üçün “Ölkəmizi tanıyaq” tur aksiyası təşkil olunur. Bu tur aksiyası çərçivəsində 4 il ərzində 7 istiqamət üzrə 7 tur-aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur aksiyalarda iştirak edən məktəblilərin sayı 13 min 648 nəfər təşkil edir. 2017-ci ilin 11-14 və 16-19 noyabr tarixlərini əhatə edən növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfər iştirakçı qoşulmuşdur, bununla da iştirakçıların sayı 17 minə çatacaqdır. Göygöl rayon ümumtəhsil məktəb şagirdləri də “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edirlər. Rayon məktəbliləri tur-aksiya çərçivəsində 7 turun hamısında iştirak etmişlər və iştirakçıların sayı 230 nəfərə çatdırılmışdır. Təşkil olunmuş “Ölkəmizi tanıyaq” tur aksiya çərçivəsində şagirdlərimiz Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Naxçıvan Muxtar Respublikası, Lənkəran-Lerik-Astara bölgələrində olmuşlar. Budəfəki tur-aksiya çərçivəsində məktəblilər Qəbələ-Şəki-Zaqatala bölgəsində olacaqlar.
Tədbirdə çıxış edən digər natiqlər də bu tur-aksiyanın mahiyyəti barədə geniş və ətraflı məlumat verərək, ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda uşaqlarla xatirə şəkili çəkdirildi və tur iştirakçıları xüsusi avtobusla yola salındı.