Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Rəhbəri Göygöl rayonuna növbəti tarixi səfər etmişdi

19 avqust 2017 | 16:00

19 avqust 2017-ci il tarixdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Göygöl rayonuna 4-cü dəfə tarixi səfər etmişdir. Səfər bir sıra respublika və yerli əhəmiyyətli sosial təyinatlı istehsal obyektlərinin açılışı ilə əlamətdar olmuşdur.
Dövlət başçısı Göygöl rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi və abidənin yerləşdiyi ərazidə aparılmış abadlıq, quruculuq işləri ilə tanış oldu.
Möhtərəm Prezident “Qələbə” parkında rayon sakinlərin və qonaqların istirahətini dolğun və mənalı təşkil etmək məqsədilə yaradılan şəraitlə tanış oldu. Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət etdi.      
Sonra Prezident İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bağçada oyun, yemək və yataq otaqları, həmçinin tədris otağı, musiqi salonu, mətbəx, həkim otağı və anbarlar yaradılmış, otaqların hamısı zəruri inventar və avadanlıqlarla təchiz edilmişdir. Ölkə başçısı körpələr evi-uşaq bağçasında görülən işləri yüksək qiymətləndirdi və respublikanın digər bölgələrində  olduğu kimi rayonda olan məktəbəqədər müəssisələrin daha da yaxşılaşdırılması üçün tövsiyə və tapşırıqlarını verdi.   
Prezident İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 3 meqavatlıq “Çiçəkli” su elektrik stansiyasının açılışında iştirak etdi. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, 1927-ci ildə Göygöl rayonunun Zurnabad kəndi ərazisində inşa edilmiş su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamı ilə dağılaraq yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq özəlləşdirilən stansiyada əsaslı yenidənqurma işləri aparılmış, yeni avadanlıqlar quraşdırılmışdır. Yenidənqurma işləri çərçivəsində burada 35, 6 və 0,4 kilovoltluq yarımstansiyalar yaradılıb, elektrik verilişi xətləri çəkilmişdir. İldə 20 milyon kilovat saat elektrik enerjisi  istehsal etmə gücünə malik olan “Çiçəkli” su elektrik stansiyası Göygöl rayonunun elektrik enerjisinə olan tələbatının 15 %-ni, Göygöl şəhərinin tələbatının isə 75 %-ni ödəyəcəkdir. 
Göygöl rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin İnzibati Laboratoriya binasının, Göygöl Baytarlıq Laboratoriyasının və Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak etdi. Kənd Təsərrüfatı naziri Heydər Əsədov dövlət başçısına elektron kənd təsərrüfatı sistemi barədə məlumat verərək bildirdi ki, yeni binada Göygöl rayon Kənd Təsərrüfatı İdarəsi, Bitki Mühafizə Mərkəzinin və Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayon bölmələri, Göygöl Baytarlıq İdarəsi, Regional Təlim Mərkəzi, Göygöl Regional Aqrokimya və Göygöl Regional Toxumçuluq Laboratoriyaları yerləşir. Burada işçilərin səmərəli fəaliyyət göstərmələri üçün bütün zəruri şərait yaradılıb. Göygöl regional aqrokimya laboratoriyasında əkin sahələrində və digər əkinə yaralı torpaq sahələrində aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması həyata keçirilir. Göygöl regional Toxum Sertifikatlaşdırma Laboratoriyasında isə toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatı aparılacaqdır. 
Dövlət başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış oldu. Bakteriologiya və Serologiya Laboratoriyalarında müxtəlif laborator müayinələr aparılacaq,  bütün növ heyvan və quşlar arasında virus mənşəli xəstəliklərin laborator - diaqnostikası və müayinəsi isə laboratoriyanın virusologiya bölməsinə aiddir. Toksikologiya laboratoriyasında isə qida məhsulları və yem əlavələrinə biokimyəvi həcminin toksiki zəhərlənmələrinin müayinəsi həyata keçirilir.
Prezident İlham Əliyev Dövlət baytarlıq xidməti tərəfindən rayon Baytarlıq İdarələrinə təqdim olunan epizodik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq və ləvazimatlara baxaraq, yüksək məhsuldarlıq həm ailənin artan gəliridir, həm də dövlətin aqrar potensialının artmasına, məşğulluq probleminin həllinə böyük töhfə verdiyini qeyd etdi.
Möhtərəm Prezident cənab İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl rayon İdarəsinin İnzibati laboratoriya binasında və zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə tanış olduqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Görüşdə ölkə başçısı çıxış edərək qeyd etdi ki, bütün bölgələrdə olduğu kimi, Göygöl rayonunda da sosial inkişafı təmin olunur infrastruktur layihələr uğurla icra edilir, sosial obyektlər tikilir. Bir sözlə rayonun inkişafına böyük diqqət göstərilir və bütün lazımi tədbirlər görülür. Heç şübhəsiz ki, Göygölün çox böyük kənd təsərrüfatı potensialı olması burada önəmli rol oynayır. Təsadüfü deyil ki, son illərdə Göygöl çox sürətlə inkişaf edib, şəhərin siması büs bütün dəyişdirilib rayon ölkəmizin ən iri təsərrüfat mərkəzlərinin birinə çevrilibdir, ancaq bütün bunlara baxmayaraq rayonda kənd təsərrüfatının inkişafı, ixrac potensialına malik məhsulların yetişdirilməsi xüsusilə də heyvandarlıqla bağlı  hələ də əlavə tədbirlər görülməsi nəzərdə tutulur.       
Rayonun sosial-iqtisadi inkişafı əslində onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu gün biz bütün rayonlarda inkişaf, tərəqqi görürük, insanların işlə təmin olunması məsələsi öz həllini tapır, işsizlik çox aşağı səviyyədədir. Son illərdə görülən tədbirlər nəticəsində işsizliklə bağlı daha da önəmli addımlar atılır və insanların məşğulluğu artır. Göygöldə iyirmidən çox yeni məktəb tikilib, iyirmidən artıq məktəb əsaslı təmir olunub. Yəni, hərtərəfli inkişaf təmin edilir və əlbəttə, biz gələcək illərdə növbəti addımlar atmalıyıq ki, inkişaf dayanıqlı olsun. Yeni iqtisadi mərhələdə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hər tərəfli dəstəklənməsi kimi vacib məsələlər xüsusi ilə mühüm önəm kəsb edir. Eyni zamanda milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin regionların inkişafına doğru istiqamətləndirilməsi ölkəmizdə iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkir. Nəticədə ölkəmizin bütün bölgələri inkişaf edir, Göygöldə bu sıradan istisna deyil. Prezident qeyd etdi ki, Göygöldə laboratoriya və ölkəmizdə yeganə Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də kənd təsərrüfatının mühüm sektoru olan heyvandarlıqda ciddi artıma gətirib çıxaracaqdır.
Sitat: Bu, əslində kənd təsərrüfatının inkişafında növbəti mərhələnin başlanğıcıdır, dönüş nöqtəsidir. Çünki bundan sonra Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək və beləliklə, biz məhsuldarlığın artımına nail olacağıq.
Eyni zamanda Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də heyvandarlıqda ciddi artıma gətirib çıxaracaq. Çünki bu, ölkəmizdə yeganə mərkəzdir və ölkə əhəmiyyətli bir mərkəzdir. Mənim təşəbbüsümlə bir neçə il ərzində xaricdən cins inəklər gətirilir. Avropa ölkələrindən artıq minlərlə inək gətirilmişdir. Bu proqram hesabına Azərbaycanda bir çox yeni heyvandarlıq mərkəzləri, fermalar yaradılmışdır. Bu proses davam etdirilir. Hazırda bir çox yeni heyvandarlıq kompleksləri yaradılır. Əlbəttə ki, biz növbəti illərdə də xaricdən cins mal-qara alacağıq. Eyni zamanda, yerli cinsi yaxşılaşdırmaq, xaricdən asılılığı azaltmaq üçün Süni Mayalanma Mərkəzinin yaradılması artıq öz həllini tapıbdır.
Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində bir neçə il ərzində Azərbaycanda mal-qaranın cinsi tədricən yaxşılaşacaq. Beləliklə, məhsuldarlıq yüksələcək, südçülük inkişaf etdiriləcək və ət istehsalı da artacaq. Hazırda biz həm ət, həm də süd ixrac edirik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki əvvəlki illərdə biz idxaldan çox asılı idik. İndi biz bu asılılığı aradan götürürük. Düzdür, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik, idxal da edirik, amma ixraca da başlamışıq. Bizim məhsulumuz çox keyfiyyətlidir və  xarici bazarlarda yüksək qiymətləndirilir.
Son illər ərzində kənd təsərrüfatı sahəsində çox böyük işlər görüldüyünə diqqət çəkən dövlət başçısı bildirdi ki, həm bitkiçilikdə, həm heyvandarlıqda, ümumiyyətlə, kənd təsərrüfatında artım təmin edilir. Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artmışdır. Bu, görülən işlər nəticəsində mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq.
İndi bölgələrdə işsizliklə bağlı problem demək olar ki, aradan qaldırılıb. Bizim üçün ənənəvi olan kənd təsərrüfatı sahələri bərpa edilir, dirçəldilir.
Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq.
Bir daha deyirəm ki, biz bu sahəni bundan sonra ancaq elmi biliklər əsasında inkişaf etdirməliyik. Dövlət öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir, bütün bölgələrdə belə gözəl laboratoriyalar, mərkəzlər yaradılır, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, texnika alınır. Bu il Azərbaycana on min texnika gətirilib və gətiriləcək. Fermerlər, sahibkarlar, kəndlilər bu imkanlardan istifadə etməlidirlər. Bu, ilk növbədə, onlar üçün lazımdır, çünki məhsuldarlıq iki dəfə arta bilər. Bu, həm dövlət üçün lazımdır. Ona görə bu gün xüsusi əhəmiyyətə malikdir. Bu gün Göygöl rayonunda respublika əhəmiyyətli iki müəssisənin açılışı çox əlamətdar hadisədir.

 

Keçidlər