“2023-cü il-Heydər Əliyev ili” çərçivəsində Göygöl rayonunda silsilə tədbirlər davam etdirilir
03 oktyabr 2023 | 15:27
“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göygöl şəhər Aşıq Şəmşir adına Uşaq musiqi məktəbində qadınlarla görüş keçirilib. Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Uşaq musiqi məktəbinin direktoru Nuranə Quliyeva və rayonun digər fəal qadınları iştirak edib. Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Kəmalə İbrahimova çıxış edərək qeyd edib ki, Azərbaycan tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən bu mötəbər tədbirdə gələcəyin qadın hərəkatının əsası qoyuldu və bununla da cəmiyyət həyatında ictimai -siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artdı. Bu illər ərzində Azərbaycan Qadınlarının 5 Qurultayı keçirilib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti VI Qurultayı 19 oktyabr 2023-cü il tarixdə Gülüstan Sarayında keçiriləcək. Azərbaycan Qadınlarının VI Qurultayında Göygöl rayonunu ictimai fəallığı ilə seçilən 2 nəfər qadın nümayəndə təmsil edəcək.
Tədbirdə Azərbaycan Qadınlarının VI Qurultayında Göygöl rayonunu təmsil edəcək nümayəndələr seçildi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim olunacaq bir neçə təklif irəli sürüldü.