15 sentyabr 2012-ci il tarixdə “Bilik Günü” munasibəti ilə Göygöl rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir
15 sentyabr 2012-ci il tarixində rayonun bütün ümumtəhsil məktəblərində ənənəvi olaraq Bilik günü münasibəti ilə tədbirlər keçirilmişdir. 2012-2013-cü tədris ilində Göygöl rayonunda yeni tikintisi aparılan 4 məktəb binası istifadəyə verilmişdir. Göygöl rayon 220 şagird yerlik Zurnabad kənd, 160 şagird yerlik Qızılca kənd, 360 şagird yerlik Quşqara kənd və 80 şagird yerlik Firuzabad qəsəbə tam orta məktəblərinin yeni binalarının açılışı olmuşdur. Açılış mərasimində Göygöl rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, hüquq mühafizə orqanlarının rəhbərləri, müəllimlər, valideynlər, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Açılış münasibəti ilə hər dörd məktəbdə keçirilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəb direktorları tədbiri acaraq çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər.
Rayon Təhsil şöbəsinin müdiri Elbrus Atayev çıxışında 15 Sentyabr – Bilik günü münasibəti ilə müəllim və şagird kollektivini təbrik edərək, yeni başlanan dərs ilində onlara uğurlar və nailiyyətlər arzuladı.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov nitqində müəllim və şagirdləri 15 – sentyabr “Bilik Günü” və yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, onlara yeni nailiyyətlər və uğurlar arzuladı. Bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilərək iqtisadi və siyasi qüdrəti sürətlə artmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində Respublikanın hər bir bölgəsi inkişaf edir və çiçəklənir. Eyni zamanda Arif müəllim çıxışında bildirdi ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Göygöl rayonunda da böyük quruculuq və abadlıq işləri aparılır, eyni zamanda Təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir. Son dövrlərdə rayonda 16 məktəb binası, 5 məktəbdə 26 əlavə sinif otağı, 1 uşaq bağçası tikilmiş, 18 məktəb binası və 4 uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Rayonun bütün ümumtəhsil məktəbləri müasir inventar və avadanlıqlarla təmin olunmuşdur. Məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təmin etmək məqsədi ilə bütün məktəblərə kompüter dəstləri paylandığını qeyd edildi.
Tədbirlərdə çıxış edən məktəb şagirdləri minnətdarlıqlarını və sevinclərini söylədikləri şerlərlə ifadə etdilər.
Sonda rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov açılışı rəmzi olan qırmızı lenti kəsdi və məktəb kollektivi məktəblə daxil oldular.