Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Göygöl rayonunda anım tədbiri keçirilib

20 yanvar 2024 | 18:13
Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuş, eyni zamanda, xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq və şərəfli səhifələrindən olan 20 Yanvar hadisələrindən 34 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri və Qazilər, ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsinin 34-ci ildönümü ilə əlaqədar Göygöl şəhər Şəhidlər xiyabanına əklil qoyaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.
Keçidlər