Göygöl rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olunmuşdur.
Müşavirədə Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqalların, ziyalıların nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirdi ki, aprelin 10-da Nazirlər Kabinetinin iclasında ilin birinci rübünə yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin beynəlxalq aləmdə və xarici siyasət kursunda, həmçinin sosial-iqtisadi sahədə vəziyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, 2017-ci ilin birinci rübündə dünya iqtisadiyyatında böhranlı vəziyyətin davam etməsinə, bütün ölkələrin böhrandan əziyyət çəkməsinə və neftin qiymətinin hələ də çox aşağı səviyyədə olmasına baxmayaraq, ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasətinin, apardığı düzgün islahatların və gələcəklə bağlı mükəmməl proqramların icrasının nəticəsi olaraq Azərbaycan öz inamlı inkişafını davam etdirmiş, ölkə iqtisadiyyatı yüksələn xətlə inkişaf etmişdir.
Hesabat məruzəsində bildirildi ki, 2017-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Göygöl şəhərinin R.Nəsibov və 21-ci məhəllələrində yerləşən çoxmənzilli binaların 2-nin dam örtüyü dəyişmiş, 3 binanın fasad hissəsi suvanmışdır. Hazırda 1 binanın dam örtüyündə, 4 binanın fasad divarında isə suvaq işləri davam etdirilir.
Göygöl şəhərinin B.Budaqov, Turan Qurbanov, Xəlil Rza, Əlağa Şıxlınski və M.P.Vaqif küçələrinə asfalt örtük salınması üçün hazırlıq işlərinə başlanılmışdır.
Göygöl-Topalhəsənli və Aşıqlı-Toğanalı kəndarası avtomobil yollarının kənarları və ətrafında abadlıq işləri aparılmış və hal hazırda işlər davam etdirilir.
Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göygöl rayon şöbəsi üçün inzibati binaların, müasir tipli otelin, 432 şagird yerlik Üçtəpə kənd tam orta məktəbin tikintisi davam etdirilir.
Göygöl şəhərinin yeni salınmış yaşayış massivinin Qafur Məmmədov küçəsində 480 şagird yerlik şəhər 4 nömrəli tam orta, 264 şagird yerlik Topalhəsənli və Qırıqlı kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanmış, yaxın vaxtlarda icrasına başlanılacaqdır.
Rayonda 2017-ci ilin birinci rübü ərzində 552 yeni iş yerləri açılmışdır, bunun da 482-i daimidir.
2017-ci ilin birinci rübündə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 32 milyon 794,8 min manat, ondan 16 milyon 371,5 min manatı (49,9 %) istehsal sahələrini, 16 milyon 423,3 min manatı (50,1 %) xidmət sahələrini təşkil etmiş, adambaşına 522,2 manat dəyərində məhsul istehsal edilmişdir.
Aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticəsi olaraq 2016-cı ildə 2371 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına, buğda əkininə, toxum istehsalına və mineral gübrələrə görə dövlət büdcəsindən 1 milyon 151,5 min manat yardım verilmiş, bu da rayonda aqrar sahənin dinamik inkişafına səbəb olmuşdur.
2017-ci ilin birinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə 234,9 min manat çox olmaqla 8 milyon 78,4 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 %-i qeyri-dövlət sektorunun payına düşür.
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2017-ci ilin 3 ayı ərzində 406 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 129 nəfəri münasib iş yerləri ilə təmin olunmuş, 7 nəfərə işsiz statusu verilmişdir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.