Göygöl rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi
“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Göygöl rayon Mədəniyyət Mərkəzində rayon tədbiri keçirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin bu müəssisələrdə çalışan fəal qadınlar iştirak etdilər. Tədbirdə çıxış edən natiqlər əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək bildirdilər ki, dövlət qayğısının nəticəsidir ki, qadınlarımız ölkəmizin bütün sahələrində təmsil olunurlar.
Bundan əlavə çıxış edən natiqlər Azərbaycan Respublikasının Birinci Xanımı hörmətli Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulayaraq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Mehriban Xanım Əliyevanı bu il ölkənin Birinci vitse-prezidenti təyin olunması münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, ona bu şərəfli işində müvəffəqiyyətlər arzuladılar.
Eyni zamanda bildirildi ki, Mehriban xanım Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Gimnastika Federasiyasının Prezidenti, “Azərbaycan-İrs” jurnalının baş redaktoru olaraq, aktiv ictimai-siyasi fəaliyyət göstərir. O, özündə Azərbaycan xalqının ənənələrini və müasirliyi birləşdirir, eyni zamanda gözəl ana, Azərbaycan Respublikası Prezidentinin layiqli həyat yoldaşıdır. Onun mütərəqqi fəaliyyəti quruculuğa, insanın inkişafı üçün zəruri şəraitin yaradılmasına, Azərbaycan xalqının tarixi və mədəni irsinin qorunub daha da zənginləşdirilməsinə, gənclərin humanizm, mərhəmət, öz millətinə hörmət və dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsinə yönəlir. O özünün həyat və fəaliyyəti ilə hər bir Azərbaycanlı qadını üçün nümunədir.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadına fəxri fərman və xatirə hədiyyələri təqdim olundu. Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı.