"Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda seminar keçirilib
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayonunda sahibkarlar üçün "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda seminar keçirilmişdir.
Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 25-dən çox sahibkar iştirak etmişdir.
Seminarda risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, xüsusiyyətləri, zəruriliyi, bu sahədə mövcud qanunvericilik bazası və s. barədə ətraflı məlumat verilmiş, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda təqdimat keçirilmişdir.
Tədbir zamanı həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumatlar sahibkarların diqqətinə çatdırılmışdır.
Seminar çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.