17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə Göygöl RMX PHŞ-in kollektivi Göygöl Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq xatirəsi ehtiramla anıblar. Sonra Göygöl RMX PHŞ-in akt zalında toplantı keçirilib.
Toplantıda Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Göygöl RMX PHŞ-in direktoru Vasif Əliyev və səhiyyə işçiləri iştirak ediblər. Toplantıda çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Dövlət başçısının rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Tibb İşçilərinin Peşə Bayramı ərəfəsində Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2022-ci il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir sıra səhiyyə işçisi, o cümlədən Göygöl RMX PHŞ-n Təcili tibbi yardım şöbəsinin böyük həkimi Ağayev Səyavuş Əhliman oğlu “Tərəqqi” medalı ilə təltif edilib. Onu da bildiririk ki, əvvəlki illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Əməkdar həkim” adına layiq görülmüş ailə həkimi pediatr Nağıyeva Pəri Haxverdi qızı və “Tərəqqi” medalı ilə təltif edilmiş həkim otorinolarinqoloq Musayev Vilayət Novruz oğlu da Göygöl RMX PHŞ-də çalışırlar.
Eyni zamanda bu il səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir sıra səhiyyə işçisi Göygöl Rayon İcra Hakimiyyətinin başçısının və Göygöl RMX PHŞ-n direktorunun Fəxri Fərmanları ilə təltif ediliblər.