Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirildi

16 may 2016 | 16:00

Göygöl rayon Mədəniyyət Mərkəzində kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirildi.
Dövlət Statistika Komitəsi və Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müşavirələrin başlıca məqsədi Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılmasıdır.
         Müşavirədə Göygöl, Kəlbəcər, Samux və Daşkəsən rayonlarının yerli icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak etdilər.
Müşavirəni giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov müşavirə iştirakçılarını salamlayaraq rayonda görülən abadlıq və quruculuq işlərindən məlumat verdi. Zona müşavirəsində çıxış edən Dövlət Statistika Komitəsinin sədrinin müavini Yüsif Yüsifov iştirakçıların diqqətinə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Yeni uçot sənədlərinin vaxtında və yüksək keyfiyyətlə tətbiq edilməsi kənd təsərrüfatının və ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcək, kənd təsərrüfatı məhsullarının maya dəyərinə suvarılma və texnika ilə bağlı xərclərin təsirini qiymətləndirmək mümkün olacaq, torpaqdan istifadənin səmərəliliyi ilə bağlı yeni məlumatlar əldə ediləcək, strateji bitkiçilik məhsullarının istehsalı və torpaqlardan istifadə ilə bağlı vəziyyəti hər ilin əvvəlində qiymətləndirmək və ölkə rəhbərliyini öncədən məlumatlandırmaq mümkün olacaq. Kənd əhalisinin demoqrafik vəziyyəti, miqrasiyası öyrəniləcək, kənd əhalisinin mənzil-məişət şəraiti qiymətləndiriləcək. Eyni zamanda, uçot sənədlərinin tətbiqi ilə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin üzərinə düşən statistik yük azaldılacaq.
Bildirilib ki, Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə bir sıra mühüm tədbirlər də həyata keçiriləcək. Bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir. Uçot sənədlərinin məlumatları statistika orqanlarında və digər aidiyyəti dövlət qurumlarında mövcud olan məlumat bazalarına inteqrasiya olunacaq, statistika orqanlarına təqdim edilmiş müxtəlif statistika hesabatlarının məlumatlarının dürüstlüyünün yoxlanılmasında istifadə olunacaq. Bu məlumatlardan kənd təsərrüfatı və əhali siyahıyaalınmalarında, eləcə də seçici siyahılarının dəqiqləşdirilməsində istifadə ediləcək, torpaqlardan səmərəli istifadə, məhsuldarlığın qiymətləndirilməsi və digər məlumatlar torpaq sahələrinə dair peyk məlumatları ilə uzlaşdırılacaq.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək mövzu ilə bağlı öz tapşırıq və tövsiyələrini verdi.
Tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırıldı.

Keçidlər