Göygöldə Torpaq Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı işgüzar Forum keçirildi
Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması” mövzusunda işgüzar forum keçirildi. İşgüzar Forumda Komitənin Aparatı və tabeli qurumları, Göygöl Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, idarə, müəssisə, təşkilat və media nümayəndələri iştirak etdilər. Forumun keçirilməsində məqsəd Torpaqların Elektron Uçotu Sisteminin qurulması və elektron kadastr xəritələrinin hazırlanması ilə bağlı görülən işlərin mahiyyəti və nəticələrinin icra hakimiyyəti orqanları, bələdiyyələr, torpaq və digər daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri və istifadəçilərinə izahı, habelə həyata keçirilən işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.