Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Milli Qurtuluş Günüdür

14 iyun 2022 | 18:19

Hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı.

1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Dövlət başçısı cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Ümummilli lider Heydər Əliyevin heykəli qarşısında tədbir keçirilib. Tədbir zamanı Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun hüquq-mühafizə orqanlarının və digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Keçidlər