Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi
Göygöl şəhər Mədəniyyət mərkəzində Göygöl Rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların rayon təşkilatlarının, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, mətbuat işçiləri, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Arif Novruzov və Milli Məclisin Deputatı Rövşən Rzayev iştirak etdilər.
Yığıncaqda “Göygöl rayonunda 2015-ci ildə sosial-iqtisadi sahədə görülən işlərin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki, 2015-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında rayon üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi olaraq son 12 ildə rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, 51 xidmət, 176 istehsal, 1 emal obyektləri istifadəyə verilmişdir.
Ümumi məhsul istehsalı 3,1 dəfə, sənaye məhsulu istehsalı 2 dəfə, kənd təsərrüfatı istehsalı 2,6 dəfə, pərakəndə ticarətin dövriyyəsi 3,4 dəfə artmış, 6962-si daimi olmaqla 10321, o cümlədən 2015-ci ildə 714-ü daimi olmaqla 832 iş yeri açılmışdır.
2015-ci ildə 8 milyon 652,6 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 7 milyon 846,1 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 112 milyon 316,6 min manata çatmış, ondan 68 milyon 650,3 min manatı (76,1 %) istehsal sahələrini, 43 milyon 666,3 min manatı (23,9 %) xidmət sahələrini təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı 2015-ci ildə 1011 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına, toxum istehsalına və mineral gübrələrə görə dövlət büdcəsindən 703,5 min manat yardım verilmiş, bu da kənd təsərrüfatı məhsullarının istehsalına öz müsbət təsirini göstərmişdir.
2015-ci ildə 47 milyon 787,0 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,3 %-i qeyri-dövlət sektorunun payına düşür. Kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 11,3 % artmışdır.
2015-ci ilin məhsulu üçün 9714,8 hektar sahədə taxıl, o cümlədən 7083,6 hektar sahədə buğda əkilmiş, 27 min 728,0 ton taxıl tədarük edilmiş, bu da keçən illə müqayisədə 75,9 % çoxdur.
2015-ci ildə əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində müsbət nəticələr əldə olunmuşdur.
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2015-ci ildə elektrik təsərrüfatında 129,9 min manat dəyərində təmir-bərpa quraşdırma işləri aparılmış, 112 ədəd müxtəlif güc transformatorları təmir edilmiş, 18,6 km elektrik veriliş xətti çəkilmiş, qəza vəziyyətində olan 195 ədəd elektrik dayaqları və 16 ədəd müxtəlif güc transformatorları yenisi ilə əvəz olunmuşdur.
Rayonun Sarısu, Quşçu, Qarabulaq, Üçtəpə, Yeni Qızılca, Çaykənd, Mollacəlilli kəndlərində və Qızılqaya qəsəbəsində hava elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunmasına başlanılmış, hazırda 971 ədəd dayaq basdırılaraq 9,0 km uzunluğunda xətt çəkilmişdir.
Əhali üzrə istehlak olunan elektrik enerjisinin həcmi 28 milyon 951,8 min kvt saat təşkil etmiş, ödəniş 91,2 % yerinə yetirilmişdir.
Əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə qaz təsərrüfatı olmayan Yeni Qızılca, Qızılca, Sərkərli kəndlərinin və Bəhrəmbağ qəsəbəsinin qazlaşdırılmasına başlanılmış, 53657 p/m uzunluğunda müxtəlif diametrli qaz xətti çəkilmiş, 508 ədəd sayğac quraşdırılmışdır. Hazırda işlər davam etdirilir.
Təbii qazla təmin olunmuş şəhər, qəsəbə və kəndlərdə yeni salınmış yaşayış massivlərində 3200 p/m uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilərək 69 təsərrüfat təbii qazla təmin olunmuşdur.
Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Qızılqaya qəsəbəsinə 1800 p/m, Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Aşıqlı kəndinə 7699 p/m, Şəhriyar kəndinə 4200 p/m, Yeni Zod kəndinə 5300 p/m, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin qrantı hesabına Toğanalı kəndinə 14400 p/m yeni su xətti çəkilmişdir. Çaykənd kəndində 400 p/m, Yeni Zod kəndində 1000 p/m, Mollacəlilli kəndində 2000 p/m metal boru plastik boru ilə əvəz olunmuş, Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən Qırıqlı kəndində mövcud olan 2800 p/m su xətti təmir edilmişdir.
İstehlak olunan suyun həcmi 1 milyon 075,5 min kub metr təşkil etmiş, ödəniş 103 % yerinə yetirilmişdir.
Ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin təmirinə və tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq 2015-ci il ərzində 27,7 min manat həcmində cari təmir işləri görülmüş, maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə 90,3 min manat dəyərində avadanlıq, 108,5 min manat dəyərində bərk inventar, 46,3 min manat dəyərində müxtəlif çeşidli dərsliklər alınmış, Çaylı kənd tam orta məktəbində idman zalı tikilmişdir. Qızılca kənd uşaq bağçası əsaslı təmir olunmuş, Göygöl şəhər 4 saylı uşaq bağçasının əsaslı təmiri davam etdirilir.
Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi cənab Arif Novruzov və Milli Məclisin Deputatı Rövşən Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük layihələrin həyata keçirildiyini, ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırdılar, 2015-ci il ərzində Göygöl rayonunda geniş miqyaslı işlərin görüldüyünü qeyd etdilər.
Hesabat yığıncağı tənqid və özünütənqid şəraitində keçdi, sonda qarşıda duran vəzifələri əhatə edən qərar qəbul edildi, rayonun ictimai-siyasi və mədəni həyatında və rayonda aparılan abadlıq-quruculuq işlərində fərqlənən bir qrup rayon sakininə fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.