Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyevin Göygöl rayon ictimaiyyəti ilə görüşü keçirildi
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi. Görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.
Görüşdə Göygöl rayonundan seçilmiş Milli Məclisin deputatı Rövşən Rzayev və idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların rayon təşkilatlarının, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, mətbuat işçiləri iştirak etdi.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov rayon haqqında qısa məlumat verərək son dövrlərdə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri və əldə olunmuş nailiyyətləri diqqətə çatdırdı.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək Respublikamızda aparılan quruculuq abadlıq işləri və əldə olunan nailiyyətlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, qeyri-neft sektorunun və kənd təsərrüfatının dinamik inkişafı, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı, ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək üçün qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Rayonda fəaliyyət göstərən sahibkarların fəaliyyətinə münbit şəraitin yaradılmasını əsas vəzifələrdən biri kimi qarşıya qoydu, fəaliyyətlərini daha da genişləndirərək əlavə iş yerləri açmalarını sahibkarlara tövsiyə etdi. Rayonda yeni istirahət mərkəzinin inşa edilməsinin nəzərdə tutulduğunu bildirdi.
Daha sonra Milli Məclisin deputatı Rövşən Rzayev çıxış edərək ölkəmizin beynəlxalq arenadakı nüfuzundan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasətindən ətraflı məlumat verdi.
Görüş iştirakçıları zalda quraşdırılmış mikrofonlara yaxınlaşıb həlli vacib problemlərdən söz açaraq aşağıdakı təklifləri irəli sürdülər.
1. Çaylı kənd nasos stansiyasından əhalinin mülkiyyətində olan pay torpaqlarına 4 km
məsafədə su xətti çəkmək.
2. Rayon ərazisində işlək vəziyyətdə olan subartezian quyularının Suvarma
Sistemləri İdarəsinin balansına götürülməsinə köməklik etmək.
3. Şəmkirçay su anbarından rayon ərazisinə çəkilmiş su kanalından
təsərrüfatdaxili kanalların və su anbarından əlavə 2-ci qapalı kanalın
çəkilməsinə köməklik etmək.
4. Əkin sahələrinin suvarma suyuna olan tələbatını təmin etmək üçün Gəncə
çayı üzərində su anbarı tikmək.
5. Üçtəpə kəndinə bitişik Aşıqlı və Yeni Qızılca kəndlərə məxsus olan
torpaq sahələrinin Üçtəpə kənd inzibati ərazisinə daxil edilməsinə
köməklik etmək.
6. Kənd təsərrüfatı məhsulları istehsalçılarını maarifləndirmək üçün televiziya
verilişləri təşkil etmək və mətbuatda məqalələr dərc etmək.
7. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Yaşayış
məntəqələrinin küçələrindən keçən 6-10 kV-luq hava veriliş xəttinin
qorunma zolağı əsas götürülərək vətəndaşlara məxsus yeni tikilmiş evlərin
sənədləşdirilməsində problemlər yaradılır. Problemin aradan qaldırılmasına
köməklik etmək.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bütün müraciət və təkliflərin nəzərə alınacağını, onların həlli istiqamətində köməklik göstəriləcəyini bildirdi.