Göygöl rayonunda 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə ətraflı müzakirə olundu. Müşavirədə Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ağsaqqallar, mətbuat işçiləri iştirak etdilər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov müşavirəni açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş iclası barədə məlumat verdi və qeyd etdi ki, hesabat dövründə ümumi daxili məhsul 3,7 % artmış, aparılan şaxələndirmə siyasətinin nəticəsi olaraq qeyri-neft sektorunun real artım tempi 6,4 % olmuşdur. Ümumilikdə qeyri-neft sektoru 2003-cü illə müqayisədə 8 dəfədən çox artaraq ümumi daxili məhsulda payı 68,8 %-ə çatmışdır. Sənaye 2,1 %, o cümlədən qeyri-neft sənayesi 10,2 %, kənd təsərrüfatı 6,7 %, informasiya və rabitə xidmətləri 8,8 %, pərakəndə ticarət 11,4 %, əhaliyə göstərilən pullu xidmətlər 6,2 % artmışdır. Əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 %, hər nəfərə düşən gəlirlər 4,5 dəfə artmış, orta aylıq əmək haqqı 4,4 % artaraq 460 manata çatmışdır. İnflyasiya 3,8 % olmuş, ünvanlı sosial yardım alanların sayı 16 % aşağı düşmüşdür. Yoxsulluğun səviyyəsi 5 % olmaqla aşağı səviyyədədir. 2015-ci ildə bütün sosial proqramlar uğurla icra olunmuş, 87 min yeni iş yeri açılmışdır ki, onlardan 67 mini daimi iş yerləridir.
“2015-ci ilin 9 ayında Göygöl rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Göygöl Rayon İcra hakimiyyəti Başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri geniş məruzə ilə çıxış etdi. Hesabat məruzəsində bildirildi ki, hesabat dövründə Göygöl rayonunda sosial obyektlərin tikintisi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Rayonda 2015-ci ilin 9 ayı ərzində 514 yeni iş yerləri açılmışdır ki, bunun da 423-ü daimidir. İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 97 milyon 407,6 min manat, ondan 57 milyon 501,8 min manatı (59,0 %) istehsal sahələrini, 39 milyon 905,8 min manatı (41,0 %) xidmət sahələrini təşkil etmiş, adambaşına 1571,1 manat dəyərində məhsul istehsal edilmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 941,9 min manat çox olmaqla 42 milyon 130,6 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da 99,6 %-i qeyri-dövlət sektorunun payına düşür.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Müşavirə işgüzar şəraitdə keçdi.