Göygöl rayonunda ordudan tərxis olunanların qarşılanması mərasimi keçirildi
Göygöl rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin və Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının birgə təşkilatçılığı ilə hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin təntənəli surətdə qarşılanması mərasimi keçirildi.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin işçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoydular.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik Mayıl Şahverdiyev tədbiri açaraq ordudan tərxis olunanları təbrik etdi və xoş arzularını çatdıraraq qeyd etdi ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yola salınması, eləcə də hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin təntənəli surətdə qarşılanması mərasimləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab general-leytenant Azru Rəhimovun müvafiq tapşırığına uyğun olaraq həyata keçirilir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov ordudan tərxis olunanları təbrik edərək belə mərasimlərin əhəmiyyətini xüsusi vurğuladı və bildirdi ki, yolasalma mərasimlərində deyilən xoş sözlər, bildirilən arzular ordu həyatının astanasında olan çağırışçı - əsgərə psixoloji cəhətdən dayaq olur, onun vətən, torpaq sevgisinin vətənpərvərlik duyğularının daha da güclənməsinə təsir edir. Qarşılanma mərasimləri isə ordudan tərxis olunanların keçdikləri şərəfli ordu həyatına verilən ictimai dəstəyin ifadəsidir. Eyni zamanda əmin olduğunu xüsusi vurğuladı ki, hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilər mülki həyatda orduda aldıqları təlim-tərbiyə və təcrübədən bəhrələnərək dövlətimizin daha da qüdrətlənməsinə çalışacaqlar.
Digər tədbir iştirakçıları da hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəliləri təbrik edərək onlara uğurlar arzuladılar, ata-analarına gözaydınlığı verdilər.
Tədbirin sonunda ordudan tərxis olunanlara hərbi biletlər təntənəli şəkildə təqdim olundu.