Göygöl rayonunda 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə ətraflı müzakirə olundu. Müşavirədə Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqalların, ziyalıların nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov müşavirəni açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafına həsr olunmuş iclası barədə məlumat verdi və qeyd etdi ki, 6 ay ərzində ölkə iqtisadiyyatı 5,7 faiz artmış, ümum daxili məhsulun səviyyəsi yüksəlmiş, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. İnflyasiya cəmi 3,5 faiz təşkil etmiş, əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyərək 6,2 faiz artmışdır. Kənd təsərrüfatında 7,3 faiz artım olmuş, taxılçılıqla məhsuldarlıq təxminən 20 faiz artmışdır. Bu il üçüncü regional inkişaf Proqramı qəbul edilmiş, bunun nəticəsində 6 ayda ölkəmizdə 60 min yeni iş yeri yaradılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur.
“2015-ci ilin birinci yarısında Göygöl rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Göygöl Rayon İcra hakimiyyəti Başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri geniş məruzə ilə çıxış etdi. Hesabat məruzəsində bildirildi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin birinci yarısında Göygöl rayonunda ümumi məhsul buraxılışının həcmi 60189,8 min manat, o cümlədən tikinti işlərinin həcmi 3917,4 min manat, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 975,1 manat olmuşdur. Cari ilin birinci yarısında rayonda kənd təsərrüfatının istehsalı 2,8 faiz, nəqliyyat və rabitə xidmətləri 5,1 faiz, ticarət 23,6 faiz artmışdır. 2015-ci ilin 6 ayında rayonda əsas kapitala yönəldilən investisiyanın həcmi 4221,2 min manat olmuşdur. Rayonda orta aylıq nominal əmək haqqı 2,4 faiz artaraq 244,8 manat olmuş, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 11,2 faiz artım qeydə alınmışdır. 2015-ci ilin birinci yarısında rayonda 340 yeni iş yeri aşılmışdır, onun da 257-si daimi iş yeridir.
Cari ildə rayonda abadlıq, tikinti işlərinin sürətlə aparılması təmin olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ayırdığı vəsait hesabına 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 15,1 km uzunluğunda Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu kəndlərarası avtomobil yolunun yenidən qurulması ilə bağlı yolun 14,2 km-nə asfalt örtük salınmışdır.
Şəhriyar kəndində və Göygöl şəhərində Böyük Vətən Müharibəsində həlak olunanların Xatirə Komplekslərinin əsaslı təmiri, kompleksin ətrafındakı parkda təmir bərpa və yenidən qurma işləri aparılmış, Qızılca kənd uşaq bağçası əsaslı təmir edilmişdir. Üçbulaq kənd kitabxanasının isə əsaslı təmirinə başlanılmışdır. Göygöl şəhərində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 16 fərdi yaşayış evi təmir olunmuşdur. Rayonun Sarısu, Quşçu və Qarabulaq kəndlərində hava elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunmasına başlanılmış, hazırda Sarısu kəndində 200 ədəd dayaq basdırılaraq 3 km uzunluğunda xətt çəkilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göygöl rayon şöbəsi, Kənd təsərrüfatı idarəsi üçün inzibati binanın, müasir tipli otelin tikintisi davam etdirilir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Əliyev Qubad Kazım oğluna medal və vəsiqəsi təqdim edildi.