Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Avropa Oyunlarının məşəli Göygöldə alovlandı

15 may 2015 | 15:00

2015-ci ilin may ayının 15 Göygöl şəhər sakinləri, həmçinin rayonun kəndlərindən gəlmiş minlərlə göygöllü Birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün küçələrə axışırdı. Göygöl bayram libasını geyinmişdi. Əllərində gül-çiçək, üçrəngli, ay-ulduzlu bayraqlar və plakatlar tutmuş sakinlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin müqəddəs “Atəşgah” məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər.
Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Göygöl şəhər Bayraq Meydanında sürəkli alqışlarla qarşılandı. Göygöl Peşə məktəbinin fiziki tərbiyə müəllimi Təhminə Əliyeva birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürdü. 10 məşəlçi 3,5 kilometr məsafədə yürüşə başladı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət edib, Heydər Əliyev parkına gəldilər. Sonuncu yürüşçü – idman ustalığına namizəd şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Vüqar İbrahimov səhnəyə qalxaraq məşəli alovlandırdı. Parka toplaşanların alqış sədaları göyə ucaldı. Səmaya sülh göyərçinləri və rəngbərəng şarlar buraxıldı.
        Oyunların burada yandırılan çırağını şəhər gənci idmançı Novruz Rəhimov  Göygöl rayon Heydər Əliyev Mərkəzinin direktoru ağırlıq qaldırma üzrə idmançı Araz Mehdiyevə  təqdim etdi. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi Göygöl rayon Heydər Əliyev Mərkəzində qorunub saxlanılacaq. Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Məşəlin qarşılanma mərasimi rayon ictimaiyyəti tərəfindən böyük coşğu ilə başa çatdı.

Keçidlər